BAKI, 3 oktyabr — Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 3 avtomat, 1 pulemyot, 48 əl qumbarası, 1 mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, bir müddət əvvəl Sumqayıtda silah-sursat tapılmışdı.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 88 ədəd 56 mm-lik raket mərmisi, 1 ədəd 70 mm-lik raket mərmisi, 6 ədəd 122 mm-lik OF-56 top mərmisi, 1 ədəd 152 mm-lik OF-29 top mərmisi, 1 ədəd 125 mm-lik OF-26 tank mərmisi, 5 ədəd BM-15 tank mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.