AZƏRBAYCAN XƏBƏRLƏRİ

"Əsgər marşı" necə yaranıb?

Türk şairi Əli Kaminin sözlərinə bəstələnmiş marşın müəllifi Xalq artisti, bəstəkar Cavanşir Quliyevdir. Bu il müasir Azərbaycanın ilk hərbi marşının yazılmasından 30 il keçir
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Bu il müasir Azərbaycanın ilk hərbi marşının yazılmasından 30 il keçir. Hər sətrində, hər notunda çağırış olan əzəmətli "Əsgər marşı" xalqımızı ayağa qaldırdı, onda torpaq eşqi yaratdı.
Türk şairi Əli Kaminin sözlərinə bəstələnmiş marşın müəllifi xalq artisti, bəstəkar Cavanşir Quliyevdir. Dövlət himnimiz qədər sevilən marşın necə yaranması ilə bağlı Cavanşir bəylə həmsöhbət olduq.
Görkəmli bəstəkar bildirir ki, həmin əsəri 1992-ci ildə yazıb:

"1992-ci ilin fevralında mənə ANS-dən zəng gəldi. Dedilər ki, sabah saat 7-də Xalq Cəbhəsinin binasının qarşısında ol, oradan "İkarus"la gedəcəyik Şuşaya, Laçına orada əsgərlərlə görüşəcəyik. Dedilər sənətçilər də gələcək. Gəldim gördüm ki, təkcə Afaq Bəşirqızı var, bir də televiziyanın çəkiliş heyəti. Afaq Bəşirqız da qırmızı palto geyinmişdi. Dedim ay Afaq, qırmızı geyinmisən, orada da qar yağıb. Bizi rahatlıqla vura biləcəklər. Belə bir zarafatımız da oldu. Gəldik Laçına, Arif Paşayevin batalyonuna. Orada bir zabit gətirdi mənə şeir verdi. Sonradan məlum oldu ki, sən demə bu zabit müəllim imiş. O mənə dedi ki, biz burada rus hərbi mahnılarını oxuyuruq. Özümüzün heç bir hərb mahnımız yoxdur".

Cavanşir Quliyev
Bəstəkar şeirin həmin zabitə məxsus olduğunu düşünür. Amma sonradan məlum olur ki, marşın sözləri türk şairi Əli Kamiyə məxsusdur:
"Mən şeirə baxmadım, qatlayıb cibimə qoydum. Elə bildim ki, özünün şeiridir. Laçından sonra Şuşaya getdik, oradan da gəldik Bakıya. O zamanlar mən Bakıda telestudiyada işləyirdim. Telestudiyanın foyesində Azərbaycan Dövlət Teleradio Şirkətinin sədri Elşad Quliyevlə rastlaşdıq. O da mənə dedi ki, "Xocalı soyqırımından sonra Kamil Cəlilovun "Zəminxarə"sini səsləndirməkdən yorulduq. Yetər də, nə qədər ağlamaq olar? Milləti ayağa qaldırmaq lazımdır. Bax gör, marş tipli bir mahnı bəstələyə bilsən, yaxşı olar".
Elşad Quliyevin sözləri, ona təqdim olunan şeir və döyüş bölgəsindəki ab-hava ölməz əsərin yaranmasına vəsilə olub:
"Özüm də Qarabağdan qayıdanda başqa ruhda idim. O zamanlar Bakıda nə bir əsgər, nə bir tank, nə də silah görə bilərdik. Olan-qalan hər şey Qarabağda idi. O zamanlar paytaxtda yaşayıb, Qarabağda nələrin baş verdiyindən xəbərsiz idik. Getdim oradakı əsgərlərin döyüş əzmini gördüm. Beləliklə, həmin mars yarandı. Sonradan bildim ki, Türkiyədə "Osmanlı marşları" adlı bir kitab dərc olunub, həmin kitabda o marş var".