AZƏRBAYCAN XƏBƏRLƏRİ

Erməni hərbçiləri ilə bağlı yayılan videolar araşdırılır - Baş Prokurorluq

Qurum bəyan edib ki, videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti dəqiqləşdirilir.
Sputnik
BAKI, 2 oktyabr - Sputnik. Bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulmasının iddia olunduğu görüntülər paylaşılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də həqiqətin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.
Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.