BAKI, 30 sentyabr — Sputnik. Əvvəllər daha çox yaşlılardan infarkt, ürək, qan-damar xəstəlikləri ilə bağlı şikayətlər eşidirdik. Son zamanlar isə cavanlardan da bu cür şikayətlər eşidirik. İfaçı Rəhim Rəhimlinin də ürəktutmadan öldüyü deyilir. Göründüyü kimi, artıq bu xəstəliklərin yaşı cavanlaşıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında kardioloq İlqar Tahiroğlu deyib.
Həkim bildirir ki, genetikasında ürək, qan-damar xəstəlikləri olan şəxslər risk qrupuna daxil olduqları üçün xüsusən diqqətli olmalıdırlar: "Belə şəxslərdə mütləq şəkildə qandakı xolestirinin səviyyəsi ölçülməlidir. Bu şəxslər ildə bir dəfə kardioloq müayinəsindən keçməlidir, qan təzyiqlərini nəzarətdə saxlamalıdırlar. Bundan başqa, qida rasiyonu da nəzarətdə saxlanılmalıdır. Risk qrupuna daxil olan şəxslərin səhhətləri daha yaxından təqib edilməlidir".
O bildirir ki, təkcə risk qrupu olanlar deyil, digər şəxslər də xolestirinin miqdarını, təzyiqi nəzarətdə saxlamalıdırlar: "Son zamanlar energetik içkilər də geniş yayılıb. Bu amillə yanaşı alkoqolizm, siqaret, qəlyan da ürək, qan-damar sistemi xəstəlikləri riskini artırıb. Bundan başqa, ürəyin struktur dəyişiklikləri də müşahidə olunur. Ürək divarlarının anadangəlmə qalın olması amili də qəfil ölümə səbəb olur. Son zamanlar baş verən ölümlərdə bu amilin də rolu var".
İ.Tahiroğlu bildirir ki, ürək-qan damar sistemi xəstəliklərinə görə müraciət edənlərin arasında stress altında işləyənlər daha çoxdur: "Lakin fiziki olaraq daha ağır işlərdə çalışanlar tərəfindən müraciətlər daha çoxdur, deyə bir şey yoxdur. Çünki bu şəxslər aktiv həyat tərzi keçirirlər".
Onun sözlərinə görə, uzun yol qət edən sürücülər də risk qrupuna daxildirlər: "İnfarkt olan şəxlsər arasında sürücülərin də öz payı var. Çünki bu şəxlsər dayanmadan zuun yol qət edir, davamlı olaraq da bu müddətdə siqaret çəkirlər.
İ.Tahiroğlu onu da qeyd edir ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq belə müraciətlərin sayında arıtm var: "Müraciət edənlərin arasında kişilərin sayı daha çoxdur. Çünki qadınlarda hormonal sistemin öz effektivliyi var. 49-50 yaşadək müəyyən hormonların aktiv olduğu dövrdə ürək, qan-damar sistemi xəstəliklərindən qorunmuş olur. Lakin 50 yaşdan sonra qadınların səhhəti kişilərlə bərabərləşdiyindən bir müddətdən sonra qadınlarda bu problemi müşahidə etmiş oluruq".
O bildirir ki, uşaqlarda genetik problemdən əlavə anadangəmə qüsurlar da var: "Belə olan halda körpə dünyaya gəldikdən sonra ürəkdə bağlanması lazım olan dəliklər açıq qalır, o məktəbə, bağçaya getdikdə aktiv şəkildə qaçmağa başlayanda dodaqlarda göyərmə, tənginəfəslik, yaşıdları ilə müqayisədə çəksinin daha az olması müşahidə edilir".
Əss əlamətlər nədir?
Həkim deyir ki, yüksək təzyiq, sinədə yanma-göynəmə olarsa, təngnəfəslii artan, tez yorulan, baş gicəllənmədən əziyyət çəkənlər həkimə müraciət etməlidirlər. Bəzən kiçik bir erkən diaqnoz insan həyatını xilas edə bilər.
Həkim bildirir ki, siqaret, alkaqol, qəlyan, oturaq həyatdan uzaq olmaqla risklərdən uzaq olmaq olar: "İdman etmək, aktiv həyat yaşamaqla daha sağlam yaşamaq olar. Xüsusən də bank işçiləri, digər ofis işçiləri risk qrupuna daxildirlər. Ofis həyatında saatlarla oturaq həyat qan dövranının yavaşlanmasına səbəb olur. Bu şəxslərə gün ərzində bir neçə dəfə - nahar fasiləsində və axşam, işdən sonra gəzməyi tövsiyə edirik".
Digər kardioloq Samir Mustafayev isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, xüsusən çox isti və çox soyuq fəsillərdə ürək, qan-damar sistemi xəstəlikləri ilə bağlı müraciətlər olur: "Oturaq həyat tərzi, düzgün qidalanmama, fastfood-lara çox üstünlüyün verilməsi ürək, qan-damar sistemi xəstəliklərin artmasına səbəb olur".
"Belə xəstələr çox duzlu və çox yağlı qidalardan imtina etməlidirlər. Donmuş yağlardan daha az isitfadə etməlidirlər. Bitki yağları və zyetun yağına daha çox üstünlük verməlidirlər",- deyə o əlavə edib.
O bildirir ki, ən böyük risk faktorlarından biri də siqaretdir.