BAKI, 1 oktyabr — Sputnik. "Qırmızı Kitab"ın lll nəşrində işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqat işlərinin də nəticəsi öz əksini tapacaq. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, artıq 2 ilə yaxındır işğaldan azad olunan ərazilərin minalardan təmizlənmiş hissələrində tədqiqat işləri aparılır.
Nazir müavini "Qırmızı Kitab"ın III nəşrinin kitabın əvvəlki nəşrlərlə əsas fərqini açıqlayıb.
V.Kərimov bildirib ki, əsas fərq işğaldan azad olunandan sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqat işlərinin də nəticəsinin "Qırmızı Kitab"ın lll nəşrində öz əksini tapacağı ilə bağlıdır:
"Biz 30 il idi ki, bu torpaqlarda tədqiqat işi aparmaqdan məhrum idik. Artıq 2 ildir minalardan təmizlənmiş ərazilərdə tədqiqatlar aparılır. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunan nadir və nəsli kəsilməkdə olan heyvan eyni zamanda bitki aləmi kitabda öz əksini tapacaq".
Nazir müavini həmçinin xatırladıb ki, birinci "Qırmızı Kitab"da 140 flora, 108 fauna növü təmsil olunub. O qeyd edib ki, bu rəqəm ikinci "Qırmızı Kitab"da iki dəfə artıqdır. Eyni zamanda, ikinci kitabda 300 flora və 226 fauna növü əksini tapıb. Üçüncü kitabda isə 500 bitki, 300-ə yaxın heyvan növü təmsil olunacaq:
"Artıq 2023-cü ildə "Qırmızı Kitab"ın lll nəşrini təqdim etməyi düşünürük. Bununla bağlı komissiyalar yaradılıb, lazımi çöl-tədqiqat işləri də yekunlaşmaq üzrədir".
Qeyd edək ki, qanunvericiliyə əsasən Azərbaycanın "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.