BAKI, 1 oktyabr - Sputnik. Ankaraya verdikləri vədləri yerinə yetirməyənə qədər Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməyəcək.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Ölkəmizə verilən vədlər yerinə yetirilməyənə qədər prinsipial mövqeyimizi dəyişməyəcəyik. Biz İsveç və Finlandiyanın vədlərini yerinə yetirib-yetirmədiyini diqqətlə izləyirik. Və bundan sonra təbii ki, parlamentimiz yekun qərarı verəcək", - Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın PKK ilə bağlı mövqelərini dəyişməsində israrlıdır. Ankara İsveç və Finlandiyadan bir sıra kürd fiqurlarının ekstradisiyasında da israrlıdır.
Hazırda hər iki ölkənin NATO-ya qəbulu 30 ölkədən 28-i tərəfindən ratifikasiya olunub. Yalnız Türkiyə və Macarıstan bunu etməyib.