BAKI, 30 sentyabr - Sputnik. Yaxın günlərdə Federasiya Şurasında Rusiya Federasiyasının yeni subyektlərindən yeni senatorlar görünəcək. Bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko "Rossiya 24" telekanalının efirində bildirib.
“Mən də şadam ki, bizim Federasiya Şurasına hər yeni subyektdən iki nəfər olmaqla səkkiz yeni senator gələcək. Artıq Rusiya Federasiyasının bu yeni subyektlərinin bayraqları hazırlanır. Onlar yaxın günlərdə Federasiya Şurasında görünəcəklər”, - deyə spiker vurğulayıb.
Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın yeni ərazilərinin inzibati təşkili məsələsi gələcəkdə həll olunacağını, bu gün imzalanmış sənədlərə əsasən, Rusiya Federasiyasının tərkibinə dörd subyekt daxil olacağını deyib.
Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin Kremldə keçirilən mərasimdə Xerson və Zaporojye vilayətlərinin, "Donetsk və Luqansk Xalq Respublikaları"nın Rusiya Federasiyasına qəbul edilməsi və Rusiyada yeni subyektlərin yaradılması haqqında müqavilələri imzalayıb.