CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Səbuhinin qardaşına şəhid ailəsi statusu verilsin" - Aqil Abbas spikerdən xahiş etdi

Deputat Milli Məclis sədrindən xahiş edib ki, bu məsələ diqqətə alınsın, Sənan Əhmədova şəhid ailəsi statusu verilsin və iki otaqlı mənzillə təmin olunsun.
Sputnik
BAKI, 30 sentyabr - Sputnik. “Səbuhi Əhmədovun cəmi bir qardaşı var, ona da deyirlər ki, sən şəhid ailəsi sayılmırsan”.
Bunu Milli Məclisin deputatı Aqil Abbas bugünkü plenar iclasda deyib.
O bildirib ki, Səbuhi Əhmədovun cəmi bir qardaşı var: "Ona da deyirlər sizə şəhid ailəsi statusu düşmür. Ata yox, ana yox, şəhidin cəmi bir qardaşı var. Qardaşına da bildirirlər ki, qanun buna imkan vermir. Bu nadir haldır, düşünmək lazımdır. Ona bir otaqlı ev təklif ediblər, o da imtina edib. Deyiblər ki, sənə 2 otaq düşmür. Əslində şəhidin qanuni varisi qardaşıdır. Mən bu mövzuda danışmışam, amma fikrimi də manipulyasiya ediblər”.
Deputat Milli Məclis sədrindən xahiş edib ki, bu məsələ diqqətə alınsın, Sənan Əhmədova şəhid ailəsi statusu verilsin və iki otaqlı mənzillə təmin olunsun.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Səbuhi Əhmədova "şəhid", onun ailəsinə isə "şəhid ailəsi" statusu verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün arayış verib.
Bununla bağlı arayışı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov sentyabrın 20-də imzalayıb.
Sənəddə qeyd olunub ki, gizir Əhmədov Səbuhi Fuad oğlu sentyabrın 13-də düşmən təxribatının qarşısının alınması zamanı həlak olub.
Bildirilib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən gizir Əhmədov Səbuhi Fuad oğlu "Şəhid", onun ailəsi isə "Şəhid ailəsi" hesab edilir.
Xatırladaq ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib. O, manşet.az-a müsahibəsində qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib:
"Dedilər ki, sizə birotaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə, qonaqları qəbul etmək üçün zal var. Onlar da dedilər ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O, mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedilər ki, qanun belədir, qardaş ailə hesab olunmur".
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 80 hərbiçi şəhid olub.
Məlumat üçün onu da bildirək ki, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası qanununa görə, aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Bu isə onun şəhid ailəsi statusu almasına mane olur.