CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prokurorluq Bərdədə "bayraq qalmaqalı" ilə bağlı araşdırma aparır

Prokurorluq Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə araşdırma aparır.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Prokurorluq Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə araşdırma aparır.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma başlayıb.
Qeyd edək ki, sosial şəbəkədə Bərdə rayon İcra Hakimiyyəti aparatının işçisinin Dövlət bayrağı ilə davranışı barədə videogörüntülər yayılıb.
Bərdə rayon İcra Hakimiyyəti icra başçısı aparatının işçisinin Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə sosial şəbəkələrdə yayılmış videogörüntüyə münasibət bildirib. Qeyd olunub ki, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun sosial şəbəkələrdə yayılmış qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir.
Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Birinci Qarabağ müharibəsinin şəhidi, "Azərbaycan Bayrağı" ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.