BAKI, 30 sentyabr — Sputnik. Quba rayonunda yerləşən Soyqırımı Memorial Kompleksi dünya əhəmiyyətli, dövlət tərəfindən qorunan abidə qoruğudur. Azərbaycanlıların soyqırımı tarixini və erməni vandalizmini özündə əks etdirən ideoloji mərkəzdir. Bu barədə Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qurumdan verilən məlumata görə, bir neçə gün öncə qoruğun mühafizə zonasında, muzey binası ilə üzbəüz istiqamətdə meşə zolağının üst hissəsində yerləşən ərazidə xəbərdarlığımıza baxmayaraq yaşayış evlərinin tikintisi başlanıb. Tikinti aparılan torpaq sahəsinə gedən yol da mövcud deyil. Hazırda Kompleksin elektrik təchizatını təmin edən yüksək gərginlikli elektrik xəttinin və internet kabelinin üzərindən qeyri-qanuni yol salınıb. Ağır yük maşınları Kompleksin işinə təhlükə yaratmaqda davam edir. Həmin ərazidə yaşayış evlərinin inşaası Soyqırımı Memorial Kompleksinin fəaliyyətinə, onun ideoloji istiqamətinə, ərazinin görünüşünə xələl gətirir.
Tərəfimizdən tikinti işlərinin dayandırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət olunub və Quba Rayon Polis Şöbəsi tərəfindən tikinti işləri dayandırılıb.
Məlumat üçün bildirək ki, Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.
30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılması haqqında sərəncam imzalayıb.
2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.