BAKI, 30 sentyabr — Sputnik. Göygöl Milli Parkı publik hüquqi şəxs olacaq. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər aparılır. Dövlət rəsmisi İlisu Dövlət Təbiət Qoruğunun isə Milli Park statusu alması gözlənildiyini bildirib.
Məlumat üçün bildirək ki, 1910-1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılıb. 1925-ci ildə Azərbaycan Respublikasının ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. Sonralar qoruq ləğv edilmiş və ictimaiyyətin arzu və təkliflərinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən yenidən təşkil edilib.
Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2008-ci il tarixli Sərəncamına əsasən Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılıb. Sahəsi 6 739 hektar olan Göygöl Dövlət Təbiət Qoruğu Milli Park statusu aldıqdan sonra, onun ərazisi artırılaraq, 12 755 hektara çatdırılıb.