BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.
Vaan Unanyan bildirib ki, İrəvan konstruktiv mövqedədir, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir.
Xatırladaq ki, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilmişdi.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.