BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir. Bu barədə məsələ Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Layihə ilə bağlı deputat Nizami Səfərov arayış verərək bildirib ki, sənəd məhkumlara videogörüşlər keçirmək hüququnun verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, mövcud 69-1.2-ci maddəyə görə, məhkumlara uzun müddətli görüşlər onların razılığı ilə qısa müddətli görüş və ya telefon danışıqları ilə əvəz oluna bilər.
Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir.
Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər.