SƏHİYYƏ

Apteklərdə yod niyə qəhətə çəkilib? - Rəsmi açıqlama

Rəsmi qurum bəyan edib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Son günlər Azərbaycan ərazisində apteklərdə yodun çatışmazlığı barədə media və sosial şəbəkələrdə xəbərlər yayılır. Vətəndaşlar bir aya yaxındır ki, bu dərmanı əldə etməkdə çətinlik çəkdiklərini bildirirlər.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin niyə yoxa çıxmasına aydınlıq gətirib. Mərkəzin İdxal-İxrac şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib:

"O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq".

Qeyd edək ki, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi və onun qurumları, həmçinin Analitik Ekspertiza Mərkəzi dərman təminatı ilə məşğul deyil. Bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir.
"Əczaçılar Klubu" İctimai Birliyinin sədri Şövqi Bünyatov da təsdiqləyib ki, son aylar apteklərə məhdud miqdarda yod daxil olub. Onların hər birinə gündə 4 şüşədən artıq verilmir. Lakin adi vaxtda gündə təxminən 50-60 şüşə yod satılırdı. Bu və digər dərmanlar Azərbaycana Rusiyanın Yaroslavl əczaçılıq fabriki tərəfindən gətirilib. Hazırda şirkət ölkəyə tədarükləri dayandırıb.
"Rusiyadakı vəziyyət fonunda bu məhsullar daxili istifadəyə yönəldilir. Sərhədlər bağlandığından, idxal dayandırıldığından və öz istehsalı olmadığından bizdə bu dərmanların çatışmazlığı var", - ekspert izah edib.
O vurğulayıb ki, Azərbaycanda istehsal olunan antiseptik Rusiyada istehsal ediləndən xeyli geridə qalır:
"Bu dərmanları Azərbaycanda başqa istehsalçılardan almaq da mümkün deyil, çünki əvvəlki tədarükçü yenidən tədarükünü bərpa edə bilər".