BAKI, 30 sentyabr - Sputnik. Milli Məclisdə “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, deputatların bir çoxundan daxil olan müraciətlərin 20 faizi alimentlərlə bağlıdır.
O qeyd edib ki, alimentlə bağlı qanunvericiliyə dəyişiklik etməliyik: "Aliment Fondu yaratmalıyıq. Övladına aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin və verməyən valideyn tapılsın, ondan həmin məbləğ alınsın. Vətəndaşın imkanı olsa, heç aliment istəməzdi. Aidiyyəti komitələrdən xahiş edirəm, bu məsələni nəzərə alsınlar”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə qeyd edib ki, alimentin ödənilməməsinə görə cinayət məsuliyyəti var və məhkəmə təcrübəsində də bu, tətbiq olunur: “Bu Konvensiyaya qoşulmağımız valideynləri xaricdə olub aliment ödəməyən uşaqları əhatə edəcək və bu problemlərin həllinə təsir edəcək”.
Sənəddə qeyd edilib ki, Azərbaycan Konvensiyanı 18 yaşınadək uşaqlara münasibətdə valideyn-uşaq münasibətlərindən yaranan aliment öhdəliklərinə tətbiq edir. Qeyd edək ki, Konvensiya 21 yaşınadək şəxslərə münasibətdə valideyn-uşaq münasibətlərindən irəli gələn aliment üzrə öhdəliklərə tətbiq olunur, ancaq Konvensiyaya görə razılığa gələn dövlət bunun tətbiqini 18 yaşına çatmamış şəxslərlə məhdudlaşdırmaq hüququnu özündə saxlaya bilər.
“Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın müddəaları Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə Azərbaycan arasında münasibətlər normallaşana qədər Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.