BAKI, 29 sentyabr — Sputnik. ABŞ faktiki olaraq Ukraynadakı münaqişənin tərəfinə çevrilib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Vaşinqton faktiki olaraq münaqişənin tərəfinə çevrilərək reallıqla əlaqəsini itirdiyini bir daha nümayiş etdirib. Bunun daha bir sübutu bu yaxınlarda ABŞ Konqresində Kiyev rejiminə 12 milyard dollara yaxın yeni yardım paketinin ayrılmasına dair ilkin razılaşmadır", - deyə diplomat qeyd edib.
Zaxarova bu yaxınlarda bildirib ki, ABŞ-ın Ukraynaya uzaqmənzilli raketləri göndərməsi Vaşinqtonu münaqişənin birbaşa tərəfinə çevirəcək. O qeyd edib ki, bu halda Moskva öz ərazisini bütün mümkün vasitələrlə müdafiə etmək hüququnu özündə saxlayır.
Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu barədə danışıb. Onun fikrincə, Qərb dövlətləri Ukraynanı arsızca silahlarla dolduraraq Ukraynada münaqişənin tərəfinə çevrilir.