RUSİYA

Peskov Putinin 30 sentyabr mitinqində iştirakı barədə

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 30-da Moskvada gözlənilən mitinqə qatılacağı təqdirdə Kreml bu barədə vaxtında məlumat verəcək.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Vladimir Putinin sentyabrın 30-da Moskvada gözlənilən mitinqə qatılacağı təqdirdə, Kreml bu barədə vaxtında məlumat verəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib
Bundan əvvəl KİV-də 30 sentyabrda Moskvanın mərkəzində "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən, Rusiya Federasiyasına daxil olmaq barədə referendumun nəticələrinə dəstək üçün konsert-mitinqin keçiriləcəyi barədə məlumatlar yayılıb.
Putinin sentyabrın 30-da Moskvada keçiriləcək konsert-mitinqdə iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov, "Biz bu barədə vaxtında məlumat verəcəyik", deyib.
Sentyabrın 23-dən 27-dək "Donetsk" və "Luqansk Xalq Respublikaları"nda, həmçinin, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib.
Bülletenlərin 100% – nin işlənməsinin nəticələrinə görə əhalinin "DXR"də 99,23%-i, "LXR"də 98,42%-i, Xerson vilayətində 87,05%-i, Zaporojye vilayətində 93,11%-i həmin ərazilərin Rusiya Federasiyasının tərkibinə daxil olmasına səs veriblər.
Putin ötən həftə Rusiyanın Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinləri tərəfindən veriləcək qərarı dəstəkləyəcəyini bildirib.