RUSİYA

Kremldə Volodinin xaricə çıxışa məhdudiyyət qoyulması barədə fikirlərini şərh ediblər

Peskov bildirib ki, səhvlər olur, amma əsas odur ki, onları operativ şəkildə düzəltsinlər.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. İnformasiyanın bolluğu və qismən səfərbərlik, o cümlədən Rusiya Federasiyasından çıxışın mümkünlüyü barədə çoxlu sayda suallar məlumatlarda fərqliliklərə gətirib çıxarır, səhvlər baş verir. Əsas odur ki, onları vaxtında düzəltmək lazımdır.
RF prezidentinin mətbuat katibi Dmitri Peskov belə hesab edir.
Daha əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında, hərbi uçotda olan vətəndaşların səfərbərlik elan olunduğu andan hərbi komissarlıqların icazəsi olmadan yaşayış yerindən getmələrinə icazə verilmədiyini yazıb. Sonra Volodin Müdafiə Nazirliyinin qismən səfərbərlik şəraitində qanunun bu normasının tətbiq olunmadığını izah edən yeni yazı dərc edib.
"Burada informasiya bolluğu, belə deyək, kifayət qədər qeyri-standart vəziyyətdir. Əlbəttə ki, bir-biri ilə üst-üstə düşən çox sayda sual izahat baxımından vəziyyəti yüngülləşdirmir. Ona görə səhvlər olur, amma əsas odur ki, onları operativ şəkildə düzəltsinlər. Bildiyimə görə, Volodin də səhvini operativ şəkildə düzəldib", - deyə Peskov Kreml tərəfindən Dövlət Duması spikerinin bəyanatlarının necə qiymətləndirilə biləcəyi ilə bağlı suala cavabında bildirib.
Kremlin nümayəndəsi vətəndaşların hansı informasiyaya istiqamətlənməli olması barədə suala cavabında bildirib ki, səfərbərlik məsələləri ilə məşğul olan rəsmi idarələr var və bu, ilk növbədə, Müdafiə Nazirliyidir. Peskov həmçinin hökumətin xüsusi informasiya resurslarının da mövcudluğunu xatırladıb. "Dövlət Duması spikeri qismən səfərbərlik barədə etibarlı məlumat mənbəyi ola bilərmi?" sualına Peskov "şübhəsiz" deyə cavab verib.