BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanda fındığın alış qiyməti kəskin aşağı düşüb. Bu barədə Sputnik Azərbaycan-a fermerlər məlumat verib. Bildiriblər ki, fındığın alış qiymətində ötən mövsümlə müqayisədə iki-üç manatadək ucuzlaşma var. Belə ki, ötən il 1 kiloqramını 4 manata satdıqları fındığı, hazırda 1,5 manata alan yoxdur.
Fındığın 1 kiloqramını 1,5 -2,3 manata alırlar
Xaçmazın Köhnə Xudat kənd sakini Səidə Quliyeva Sputnik Azərbaycan-a bildirib ki, bu il fındıq bağlarından fındığı yığmağa üç nəfər köməkçi tutub. Gəlir götürəcəyini düşünən fermer satdığı fındığın pulu ilə ancaq fəhlələrin zəhməthaqqını ödəyə bilib. Özünə qalan isə onun təbiri ilə desək, çəkdiyi zəhmət olub: "Kənddə hamı fındıq mövsümünü gözləyir ki, satıb problemlərini həll etsin. Oğul evləndirən xeyir işini etsin, qız köçürən cehizini alsın. Amma bu il fındığın alış qiyməti o qədər ucuzlaşıb ki, onu ağacdan yığmaq belə kəndliyə sərf etmir. Fındığın 1 kiloqramını 1,5 -2,3 manata alırlar. Heç zəhmət çəkib yığmağına dəyməz".
Həmsöhbətimiz bildirir ki, fındıq bağlarından yığıb satdığı məhsulun pulu ilə ancaq fəhlələrin haqqını ödəyib: "Halbuki, fındığa gübrə vermişik, sulamışıq. Bu il gübrə bahalaşıb. Su pulunu, gübrəyə çəkdiyimiz xərci hesablayanda bizə bu il ondan bir manat da xeyir qalmadı".
Vəziyyət təkcə şimal bölgəsində belə deyil. Azərbaycanın şimal-qərb hissəsində də fındıqçılıqla məşğul olan fermerlərin çəkdiyi əziyyət boşa gedib.
Hazırkı qiymət fermerlərə sərf etmir
Qax rayonun Qaratala kənd sakini Svetlana Məhsimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onların əsas qazancı fındıqdan çıxır. Bu il fındığın alış qiymətinin ucuzlaşması fermerləri çıxılmaz vəziyyətdə qoyub: "Fındığın bu il bir kiloqramının analizdən sonrakı alış qiyməti 2,3-2,5 manatdır. Ən yaxşı fındığı analiz edərək 2,6 manata alırlar. Fındığın alış qiymətinin belə ucuzlaşması bizi çətin vəziyyətdə qoyub. Burada sakinlərin əsas qazancı fındıqdan çıxır. Elə ailə var ki, fındıqdan əldə etdiyi gəlirlə bir il dolanır. İndi qiymətin belə ucuz olması hamını çarəsiz vəziyyətdə qoyub".
S. Məhsimova deyir ki, pula ciddi ehtiyacı olanlar çarəsiz qalıb məhsulunu dəyər-dəyməzə satırlar. Kimin pula ciddi ehtiyacı yoxdursa, məhsulun bahalaşmasını gözləyir.
Həmsöhbətimiz deyir ki, elə ailələr var, fındığı ucuz qiymətə satmağa məcburdurlar: "Kimi fındığı satıb övladının təhsilhaqqını ödəyir, kimi də xeyir işini yola verməyə məcbur olduğundan bu qiymətlə razılaşır. Amma hazırki qiymət heç kəsə sərf etmir".
Qaxda əhali fındıq bağlarını satışa çıxarıb
Kənd sakini Vüqar Abdullayev də bu il fındıq bağından gəlir gözləmədiyini söyləyib. Bildirib ki, kənd əhalisinin çoxu gözünü fındıq bağlarından əldə edəcəyi qazanca diksə də, ümidləri boşa çıxıb: "Fındığı elə qiymətə alırlar ki, fəhlə tutub yığdırmağına dəymir. Kənddə elə adamlar var, fındığı satıb fəhlənin pulunu ancaq ödəyib".
Fındığın alış qiymətinin belə ucuz olması kənd sakinlərini həvəsdən salıb. Onların bəziləri qazanc əldə edə bilmədiklərindən, fındıq bağlarını satışa çıxarıblar.
Sputnik Azərbaycan fındığın alış qiymətinin ucuzlaşmasının səbəblərini araşdırıb.
Bir səbəb qlobal böhrandır
Qax rayonu Turaclı kəndindəki fındıq emalı müəssisəsindən Sputnik Azərbaycan-a bildirilib ki, onlar maliyyə vəsaiti olmadığından fəaliyyətlərini dayandırıblar. Hazırda Qax rayonunda fındıq tədarükü əsasən Balakən və Zaqataladakı emal müəssisələri tərəfindən aparılır.
Balakən rayonunda yerləşən "Quton" MMC fındıq emalı zavodunun rəhbəri Nadir Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, fındığın bu il alış qiymətinin ucuz olma səbəbi qlobal böhranla bağlıdır. Onun sözlərinə görə, Rusiya ilə Ukrayanada arasında baş verən münaqişə bu ölkələrə fındıq ixracına təsir edib: "Azərbaycanın ən çox fındıq ixrac etdiyi ölkələr İtaliya, Rusiya və Ukraynadır. Rusiya ilə Ukraynada baş verən münaqişədən sonra fındığa tələbat azalıb. Yerli emal zavodları ixrac imkanları azaldığından, fermerlərdən əvvəlki qədər fındıq ala bilmirlər. Bu da qiymətin ucuzlaşmasına səbəb olur".
Məhsulun bol olması qiymətləri ucuzlaşdırıb?
N. Hacıyev deyir ki, digər səbəb bu il fındığın bol olmasıdır: "Azərbaycandan ən çox fındıq alan ölkə İtaliyadır. Bu ölkənin özündə fındıq bu il bol olub. Ona görə də, Azərbaycandan ən çox fındıq ixrac edən Ferrero şirkəti bu il əvvəlki illər qədər məhsul almır. Buna görə də, fındığın alış qiyməti ucuzlaşıb".
Həmsöhbətimiz deyir ki, keçən il fındığı fermerlərdən 4 manata alıblar. Bu il isə alış qiyməti 1,5-2,6 manatdır.
Azərbaycan fındığının ixrac potensialı aşağıdır
"Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin (AHPEA) sədri İsmayıl Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı danışmaq istəmir. O, bir kəlmə ilə qeyd edib ki, Azərbaycanda istehsal edilən fındıq keyfiyyət standartlarına görə aşağıdır. Bu isə ölkəmizdə istehsal olunan fındığın ixrac imkanlarını aşağı salır. O, həmçinin qeyd edib ki, fermerlərin qiymətlərin aşağı olmasından şikayətlənməsi yersizdir. Çünki, fermer öz məhsulunu özü yığmalıdır. Əgər kiməsə yığdırırsa, bu zaman o artıq fermer yox, tədarükçüdür".
Paradoks
Qeyd edək ki, fındığın alış qiyməti ucuzlaşsa da bu il Azərbaycanın fındıq ixracından gəlirləri artıb. Ölkəmizdən ən çox fındıq ləpəsi İtaliya, Rusiya və Almaniyaya göndərilib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Belə ki, cari ilin birinci yarısında Azərbaycandan 55 milyon 586.7 min dollar dəyərində 9 min 666.2 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 47.52%, dəyər baxımından isə 38% çoxdur. Ötən ilin 6 ayında ölkəmizdən 40 milyon 266.1 min dollar dəyərində 6 min 552.5 ton fındıq ləpəsi xaricə göndərilib.
Bu ilin ilk yarısında ölkəmizdən ən çox fındıq ləpəsi İtaliyaya ixrac edilib. Belə ki, İtaliyaya 23 milyon 456.5 min dollar dəyərində 3 min 762 ton fındıq ləpəsi göndərilib.
Ən çox fındıq ləpəsi göndərilən ikinci ölkə Rusiya olub. 6 ayda 16 milyon 924.4 min dollar məbləğində 3 min 47.9 ton məhsul həmin ölkəyə göndərilib.
Üçüncü yerdə Almaniya gəlir. Azərbaycandan 10 milyon 583.8 min dollar dəyərində 1675 ton fındıq ləpəsi həmin ölkəyə ixrac edilib. Sonrakı yerlərdə isə Qazaxıstan, İsveçrə, Lüksemburq gəlir. Qeyd edək ki, 2021-ci ilin məlumatına əsasən Azərbaycanda fındıq bağlarının sahəsi 80.4 min hektar olub. 2021-ci ildə fındıq bağlarının sahəsi 2015-ci ilə nisbətən 2.5 dəfə, 2020-ci ilə nisbətən 1.0% artıb.
2021-ci ildə cəmi fındıq bağlarının 25.1%-i Zaqatalada, 13.1%-i Balakəndə, 12.7%-i Qaxda, 12.2%-i Xaçmazda, 8.9%-i Qəbələdə, 8.1%-i Qusarda, 5.8%-i Şəkidə və 5.3%-i Oğuzda olmaqla, ümumilikdə 90.0%-dən çoxu 8 rayonun payına düşüb.