BAKI, 29 sentyabr — Sputnik. Bakıda küçədə 50 yaşlı Valeh Qədəşov qətlə yetirilib. Bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin "isti izlər"lə açılması təmin edilib.
Belə ki, sentyabrın 29-u saat 03 radələrində rayonun Buzovna qəsəbə sakini, 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı oğlu, 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam edir.