CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AMEA-nın strukturunun ləğvi və yenidən təşkili prosesinə başlanılıb

Prezident İlham Əliyevin fərmanına əsasən, Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.
Sputnik
BAKI, 29 sentyabr - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunun ləğvi və yenidən təşkili prosesinə başlanılıb. Belə ki, AMEA Rəyasət Heyətinin strukturunun yenidən təşkli ilə bağlı əməkdaşlarla xəbərdarlıq müqaviləsi imzalanıb.
AMEA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iki, dörd, altı həftəni əhatə edən bu xəbərdarlıq müddətləri bitdikdən sonra ştat vahidləri ləğv olunacaq.
AMEA-nın sturukturu yenidən təşkil olunacaq. Hazırda yeni strukturun layihəsi və yeni Nizamnamə barədə təklif Nazirlər Kabinetinə təqdim edilib. Nizamnamənin təsdiqindən və Ümumi yığıncaqda qəbul edilməsindən sonra əməkdaşların bir hissəsi yenidən işə bərpa olunacaq.
Xatırladaq ki, cari ilin iyul ayında Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) adlandırılıb.
Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.
Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb: Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi; Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.