CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər yenidən dayazlaşır -VİDEO-FOTO

Mütəxəssislər bildirir ki, hazırda Xəzərin Qazaxıstan sahillərində relyeflə bağlı olaraq enmə daha çox müşahidə olunur.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Xəzər dənizinin səviyyəsinin kəskin enməsi ciddi narahatlıq doğurur. Bu prosesə əvvəllər əsasən isti yay aylarında rast gəlinirdisə, dəniz suyunun sahildən xeyli uzaqlaşdığı hazırda da müşahidə olunur. Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı məlum olub ki, prosesə artıq Xəzər dənizinin bulvar hissəsində də rast gəlinir.
Bakının "Yeni Bulvar" adlanan hissəsində dənizin səviyyəsində kəskin enmə müşahidə edilir. Bu problem bulvarın görüntüsünə də təsirsiz ötüşməyib. Belə ki, dənizin sahildən uzaqlaşması bulvarın bəzi hissələrində daha qabarıq görünür. Bu isə Dənizkənarı Parkın görüntüsünə xələl gətirir.
Xəzərdə duyun səviyyəsi azalır
Xəzər bizdən niyə uzaqlaşır?
Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin enməsi iqlim dəyişiklikləri ilə bağlıdır. Həmsöhbətimiz deyir ki, Xəzərdə suyun azalmasında sudan istifadə və iqlim dəyişiklikləri böyük rol oynayır.
R.Abbasov dənizin suyunun azalmasının Xəzərə tökülən çay sularının azalması ilə əlaqəli olduğunu da söyləyir. O, bildirir ki, Xəzər dənizinə su gətirən əsas çay Volqa çayıdır və bura suyun 80 faizi Volqa çayı ilə axır:

"Biz səviyyə azalmalarına uyğunlaşmalıyıq. Xəzərin səviyyəsində enmə olan ərazilərdə yaşıllıqlar salınmalıdır. Bununla yanaşı, Xəzərə tökülən Kür çayının suyundan istifadə azaldılmalıdır. Bunlar tədricən Xəzərin səviyyəsinin enməsinin qarşısını ala bilər".

Xəzəryanı ölkələr nə etməlidir?
Departament müdiri deyir ki, digər Xəzəryanı dövlətlər də dənizin səviyyəsinin aşağı düşməsindən narahatlıq keçirməlidirlər. Məsələn, Rusiya Volqa çayının təbii axınına toxunmamalıdır. Rusiyada onsuz da suvarmadan az istifadə edilir. Ona görə də Rusiyanın burada görəcəyi başqa bir iş yoxdur.
Problem daha çox Qazaxıstan sahillərində müşahidə olunur
Həmsöhbətimiz deyir ki, bu gün Qazaxıstanda Xəzərin səviyyəsində enmə daha çox müşahidə olunur:
"Bu isə həmin ölkədəki relyeflə bağlıdır. Xəzərin şimal hissəsi çox dayazdır. Ona görə də geri çəkilmələr daha çox Rusiya və Qazaxıstanda müşahidə olunur. İranda isə Xəzərin dibi daha dərindir. Türkmənistanın cənub hissəsində də çox hiss olunmur, Azərbaycanda da həmçinin".
Xəzərdə duyun səviyyəsi azalır
Prezident də narahatdır
Xəzər dənizinin getdikcə dayazlaşması, sahildən uzaqlaşması birmənalı qarşılanmır. Bu məsələ hətta bu ilin iyun ayının 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında da müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qrupları yaradılacaq.
"Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur. Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər. Əminəm ki, bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq", - deyə Prezident bildirib.
2005-ci ildən etibarən, hər il səviyyə 10 sm enir
Bu toplantıdan sonra Bakıda "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda çıxış edən AMEA-nın akademiki Fəxrəddin Qədirov bildirdi ki, 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 m yüksək olub. Akademik qeyd edib ki, 2005-ci ildən etibarən, hər il səviyyə 10 sm enir:

"XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 m yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir".

Xəzərdə duyun səviyyəsi azalır
Bəs görəsən hazırda Xəzərin səviyyəsinin enməsinin qarşısının alınması üçün hansı tədbirlər görülür?
Xəzəryanı dövlətlərin əməkdaşlığı vacibdir
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar bütün sahilyanı dövlətlər narahatlıq keçirir. Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti davam edir.
Beləliklə, Xəzər dənizinin ekoloji problemlərinin həlli regional əhəmiyyət kəsb etdiyinə görə Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirilir. Bununla əlaqədar hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində sazişlər imzalanıb və qüvvəyə minib".
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsində periodik olaraq dəyişmələr baş verir. Səviyyənin dəyişməsində başlıca amil Xəzərin hövzəsinin iqlimidir:

"Səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementləri, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir. Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində dəyişə bilər:"Qeyd edək ki, 1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxmışdı. Həmin dövrdən əvvəl isə ən aşağı səviyyə qeydə alınmışdı. 2005-ci ildən etibarən dəniz səviyyəsində enmələr müşahidə olunur".

Onun sözlərinə görə, səviyyə tərəddüdü qlobal iqlim dəyişmələri ilə bağlı olduğundan bu proseslərə yalnız iqlimə təsirlərin azaldıması hesabına təsir etmək olar:
"Bunun üçün isə atmosferə atılan istilik effekti yaradan qazların azaldılması üzrə qlobal səylər göstərilməlidir. Azərbaycan istixana qazlarının səviyyəsini azaltmaq üzrə könüllü öhdəlik götürüb və bu istiqamətdə müvafiq tədbirlər görülür. Lakin Azərbaycanın qlobal emissiyalarda payı cəmi 0,15 %-dir və bu sahədə müvəffəqiyyətə nail olmaq üçün istilik effekti yaradan qazların qlobal emissiyalarında payı çox olan ölkələr tərəfindən davamlı olaraq ciddi tədbirlər görülməlidir. Bu çox uzun sürən prosesdir və buna görə də biz öz həyatımızda, fəaliyyətimizdə təbii amillərlə bağlı olan səviyyə tərəddüdlərinə uyğunlaşmalıyıq.Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edir. Buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə xüsusi diqqət yetirir".
O, qeyd edib ki, Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji müşahidə məntəqələrində dəniz səviyyəsi üzərində müntəzəm müşahidələr aparılaraq səviyyənin düşməsi tendensiyası nəzarətdə saxlanılır. Bildirib ki, müvafiq maraqlı tərəflər, xüsusilə fəaliyyətləri dənizlə bağlı olan qurumlar məlumatlandırılır ki, işlərində və gələcək fəaliyyətlərini planlaşdıranda bu məqamları nəzərə alsınlar.
Xəzərdə duyun səviyyəsi azalır
Rasim Səttarzadə onu da əlavə edib ki,bu sahədə regional və beynəlxalq əməkdaşlığa da xüsusi önəm verilir. Onun sözlərinə görə, Xəzər dənizinin hazırkı və gözlənilən səviyyə tərəddüdlərini, iqlim şəraitini və proqnozlarını nəzərə alaraq müzakirələrin aparılması məqsədilə bu ilin 05 iyul tarixində Bakı şəhərində ETSN-in təşkilatçılığı ilə "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda aidiyyəti dövlət qurumları, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel, Xəzəryanı ölkələrin hidrometeorologiya xidmətləri, Avropa İttifaqı, BMT təsisatları, Dünya Bankının nümayəndələri, həmçinin beynəlxalq eskpertlərin iştirakı ilə müzakirələr aparılıb, milli və regional tədbirlərin müəyyən edilməsi üçün əməkdaşlığın genişləndirilməsi qərara alınıb.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva öz çıxışında Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, region üçün vacib iqlim təyinedici təsirə malik olduğunu vurğulayıb. O, bildirib ki, əniz səviyyəsinin dəyişməsi həmişə ölkə iqtisadiyyatına böyük ziyan vurub:
"1978-1995-ci illər hamımızın yadındadır, o zaman dənizin səviyyəsinin 2,5 metr qalxması infrastruktur obyektlərinin və yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnmişdi. hazırda Xəzər dənizinin səviyyəsi enməyə başlayıb: "Son 15 ildə onun səviyyəsi demək olar ki, 1,5 m azalıb və 1977-ci ilin 100 illik minimumuna çatana qədər isə cəmi 80 sm qalıb. Uzunmüddətli tədqiqatlar göstərdi ki, səviyyə dalğalanmalarının maksimum amplitudası 3 m-dir".
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılıb. Çoxillik müşahidələr göstərir ki, dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib. 1929-1977-ci illərdə 3 metr aşağı düşüb, 1978-1995-ci illərdə isə 2,5 metr qalxıb. 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1,5 metr təşkil edir.
Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28,05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınıb və dəyişmə amplitudu 4 m təşkil edib. Son 500 ildə dənizin ən aşağı səviyyəsi 1977-ci ildə müşahidə olunub.