SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran Bakı ilə İrəvan arasında danışıqlar platformasına çevrilməyə hazırdır - Musəvi

Səfir bildirib ki, İran şimal qonşularına, yəni Azərbaycan və Ermənistana Tehranda ikitərəfli və üçtərəfli görüşlər vasitəsilə davamlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tehranın Bakı ilə İrəvan arasında danışıqlar platformasına çevrilməyə hazır olduğunu bəyan edib.
"İran şimal qonşularına, yəni Azərbaycan və Ermənistana Tehranda ikitərəfli və üçtərəfli görüşlər və 3+3 regional təşəbbüsü (Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, İran və Gürcüstan) vasitəsilə davamlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır"- Musəvi çərşənbə axşamı Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla görüşdə deyib. İran səfirinin bu fikirlərini İRNA agentliyi yayıb.
Nəşr həmçinin yazır ki, tərəflər ikitərəfli münasibətlərdəki son hadisələri, Qafqazdakı vəziyyəti və İranın regionla bağlı məsələlərdə prinsipial mövqeyini müzakirə ediblər.
Musəvi beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi ilə bağlı İranın mövqeyini bir daha təsdiqləyib və bəyan edib ki, İranın regionda həyati və uzunmüddətli maraqlarına uyğun gəlməyən heç bir geosiyasi dəyişiklik olmamalıdır.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan XİN tərəfindən İranın yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən "regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir" tezisi üzrə səsləndirilən fikirlərə münasibət bildirilmişdi.
XİN-in açıqlamasında qeyd olunmuşdu ki, Azərbaycan Respublikası özü işğala və təcavüzə məruz qalan ölkədir. Ermənistan tərəfi zordan istifadə edərək, Azərbaycan Respublikasının ərazilərinin iyirmi faizini, o cümlədən İran ilə sərhədimizin 132 km-ni işğal etmişdir. 30 il ərzində İran tərəfi sərhədlərin zordan istifadə edilərək dəyişdirilməsinə hər hansı bir münasibət bildirməmişdir.
Hazırda İran tərəfindən səsləndirilən bu kimi bəyanatların ünvanı bəlli deyil. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderlərinin Moskva və Brüsseldə keçirilən görüş formatları mövcuddur. Bu formatlarda danışıqlar davam edir. Bu formatlarda aparılan danışıqlar çərçivəsində hər iki tərəfin razılığı ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası təsis edilmiş və onun tərkibi razılaşdırılmışdır. Hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən iki dövlətin sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir.