BAKI, 28 sentyabr — Sputnik. İlkin mərhələdə Qarabağın azad edilmiş ərazilərinə köçürüləcək insanların sayı açıqlanıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov məlumat verib.
Araz İmanov qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə - Qarabağa təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı.
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı (APA).