AZƏRBAYCAN XƏBƏRLƏRİ

Gələn ay Azərbaycanda ov mövsümü başlayır

Dağıstan və Şərqi Qafqaz turunun builki ov mövsümündə ovlanmasına icazə verilməyəcək.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda oktyabrın əvvəlində ov mövsümünün başlanması nəzərdə tutulur.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda deyib.
O bildirib ki, həmin müddətdə quşların ovu üçün icazə veriləcək.
Firuddin Əliyev əlavə edib ki, Dağıstan və Şərqi Qafqaz turunun builki ov mövsümündə ovlanmasına icazə verilməyəcək.
Onun sözlərinə görə, həmin heyvan növlərinin sayımı aparılıb: "İlkin müşahidələr onu deməyə əsas verir ki, həmin növlərin sayında nisbətən azalma var. Ona görə də həmin heyvanların ov predmeti sayılması məqbul hesab edilməyib".
Xatırladaq ki, ov mövsümü adətən sentyabr ayının əvvəli üçün açıq elan edilir. Bu il meşə yanğınlarının baş verməsi ov mövsümünün açılmasını yubadıb.