AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dövlət Sərhəd Xidmətində “Dəmir yumruq” abidəsi - FOTO

Elçin Quliyev "Dəmir yumruq" əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayıb.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə əbədi ehtiramın ifadəsi olan "Anım Günü"nün 2-ci ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Vətən müharibəsində xalqımızın yenilməzliyini, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətini, Azərbaycanın Silahlı Qüvvə­lə­ri­nin qüdrətini, Zəfərimizi və şəhidlərimizin əziz xatirəsini tərənnüm edən "Dəmir yumruq" abidə kompleksinin açılışını edib.
Dövlət Sərhəd Xidmətində “Anım Günü”nün 2-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
Daha sonra tədbirdə torpaqlarımızın azadlığı uğurunda şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların əziz xatirəsi Hərbi Orkestr tərəfindən "Təzim" marşının ifası ilə bir dəqiqəlik sükütla yad edilib.
Elçin Quliyev tədbirdə tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında "Dəmir yumruq" əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, Tarixi Zəfərimizin təmin edildiyini vurğulayıb.
Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd edilib.
Dövlət Sərhəd Xidmətində “Anım Günü”nün 2-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
Torpaqlarımızın azad edilməsi uğurunda apardığımız haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman qürur və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasının daima uca tutulacağı vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində "Anım Günü"nün 2-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirildiyi qeyd edilib, həmçinin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilib.
Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilmiş ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunduğu, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə edildiyi ifadə olunub.
Dövlət Sərhəd Xidmətində “Anım Günü”nün 2-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
Tədbirdə Dövlət Sərhəd Xidməti Akademiyasının vətəninə, xalqına və dövlətinə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolu qeyd edilib.
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin göstərdikləri igidlik nümunələri vurğulanmış, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması xüsusi olaraq bildirilib.
Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərimizin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqlarımızın təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.
Anım mərasiminin sonunda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Vətən Müharibəsinə həsr olunmuş "Dövlət xətti" sənədli filmini izləyib.