MƏDƏNİYYƏT

Cavanşir Quliyevin onlarla mahnısı bir arada — sənətkarın yeni kitabı dərc olundu

Xalq artisti, bəstəkar Cavanşir Quliyevin "Vətən nəğmələri" kitabında onun piano ilə oxumaq üçün 10-dan artıq əsəri dərc olunub
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Bu gün Bakı İdman Sarayında təşkil olunan IV Milli Kitab Sərgisində Xalq artisti, bəstəkar Cavanşir Quliyevin "Vətən nəğmələri" kitabının təqdimat mərasimi keçirilib.
Sözügedən kitabda bəstəkarın piano ilə oxumaq üçün 10-dan artıq əsəri dərc olunub. Sənətkarın verdiyi məlumata görə, kitabın nəşr olunması təklifi Qanun Nəşrlər evinin direktoru Şahbaz Xuduoğludan gəlib:
"Əvvəllər mən də düşünürdüm ki, bəlkə əsərlərimi bir yerə toplayım, bir kitab dərc edim. Amma hər dəfə təxirə salırdım. Şahbaz Xuduoğludan bu təklif gələndə məmnuniyyətlə razılaşdım. Çünki, bəzən kimsə məndən hansısa mahnını istəyəndə bilmirdim ki, onu necə verim. Mahnıların bir qismi tamaşaçıya tanışdır, bir qismi isə yenidir. Elələri var ki, heç oxunmayıb, təbliğ olunmayıb. Hesab edirəm ki, bu kitab faydalıdır. Çünki, yeni nəsil bu musiqiləri dinləsə, onların vətənə olan məhəbbəti artar".
Xalq artisti, bəstəkar Cavanşir Quliyevin "Vətən nəğmələri" kitabının təqdimatı
Qeyd edək ki, kitabda nəşr olunan əsərlərin böyük bir qismi vətənpərpərlik və hərb mövzusunda olan mahnılardır.
Ötən gün start verilən Bakı İdman Sarayında təşkil olunan IV Milli Kitab Sərgisi oktyabrın 1-də bitəcək. Qanun Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlunun verdiyi məlumata görə, Milli Kitab Sərgisinin əsas iştirakçıları müstəqil nəşriyyatlar, kitabçılar, əl işləri ilə məşğul olan sənətkarlar, fiziki məhdudiyyətli insanlardır.
Sərgini ziyarət edənlər kitabla yanaşı, məktəbə aid olan ləvazimatları, əl sənət nümunələrini də ucuz qiymətə əldə edəcəklər.
"Yazıçılarla imza saatları, poeziya axşamları, kitab və sənət ətrafına müzakirələr sərgiyə xüsusi rəng qatır. Milli Kitab Sərgisinin əsas məqsədi ölkəmizdə kitaba diqqət cəlb etmək, müstəqil nəşriyyat və kitabçılara, milli kitaba dəstək verməkdir", - Şahbaz Xuduoğlu sərginin məqsədindən bəhs edərkən deyib.