PAYTAXT XƏBƏRLƏRİ

Bakıda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Biləcəri qəsəbəsində icazəverici sənədlər olmadan 1000 kvadratmetrə yaxın sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetrə yaxın sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktını aşkarlayıb.
Göstərilən məsələ ilə əlaqədar müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyekt sökülüb.
Xatırladaq ki, bundan öncə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron rayonu ərazisində Binəqədi-Novxanı yolunun yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin həyata keçirilməsi faktı aşkar edilib.
Müvafiq tədbirlərlə Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikilməkdə olan qanunsuz obyekt sökülüb.