BAKI, 27 sentyabr — Sputnik. Bu gün şanlı Vətən Müharibəsinin başlanmasından iki il keçir. Azərbaycan Ordusu elə müharibənin ilk günündən döyüş meydanında öz üstünlüyünü sübut edib və bu böyük missiyanı uğurla sona çatdıracağına hər kəsi əmin edib.
Dünyaya səs salan 44 günlük müharibənin canlı şahidlərindən biri də Fərid Kərimovdur. Fərid müğənnidir, amma müharibə başlayan kimi hər kəs kimi o da səhnəni səngərə dəyişdi.
Fərid o günləri belə xatırlayır:
“20 sentyabr xəbərdarlıq oldu, 21-i səhər Hərbi Komisarlığa getdim. Evdəkilərlə də sağollaşmadım, fikirləşdim ki, qayıdacağam. Amma həmin günü saat 12-də bizi Gəncəyə apardılar. 25-i Göygölə - Toğanadakı hərbi hissəyə getdik. Hərbi xidmət zamanı kəşfiyyat bölüyündə və manqasında iştirak edənləri seçdilər. Ondan sonra dedilər ki, üzərində 35-40 kq yüklə dağlıq ərazidə hərəkət edə biləcək 8 nəfər seçməliyik. Məni də həmin komandaya seçdilər. 26-sı səhər həyəcan siqnalı verildi. O ana qədər müharibənin başlayacağına inanmırdım”.
İkinci Qarabağ müharibəsi iştirakçısı, müğənni Fərid Kərimov
© Photo : Shahperi Abbasova
27-si səhər saatlarında Ömər aşırımı istiqamətində döyüşlər başlayıb. Fərid özü haqqında deyil, döyüş yoldaşlarının əzimkarlığından danışmağı üstün tutur:
“27 sentyabrda Şahmar adlı döyüş yoldaşımız yaralandı. Qan qaytarırdı, təxliyə etməli idik. Amma o qayıtmaq istəmirdi. Zarafatla dedim ki, "özün bil, döyüş başlasa, biz səni burda qoyub qaçacağıq. Onu Xüsusi Təyinatlıların təxliyə qrupu ilə göndərdik. Amma hospitalda digər yaralıları görüb gizlincə qaçıb gəlmişdi ki, “mənim heç nəyim yoxdur”.
27 Sentyabr Fəridin doğum günüdür. Ömrünün sonuna qədər ad gününü qeyd etməyəcəyini söyləyən döyüşçü bildirir ki, həmin gün onun üçün ən unudulmaz doğum günü olub:
“27-si axşam saatlarında adaşım Fərid Həsənova dedim ki, "bu gün mənim ad günümdür". O da peçenyenin üzərinə cem çəkib mənə verdi ki, “ad günün mübarək”. O sözünü bitirməmiş minaatan atıldı. O da 3 saniyə çəkir. “Yat” deyib onu özümə sıxdım. Minaatan 10-15 metrliyimizə düşdü, amma partlamadı. Mənim üçün ən böyük hədiyyə oldu. O açılsaydı, heç birimiz sağ çıxmazdıq. Ondan sonra mən demişəm ki, ad günümə tort hazırlamayın. Ən dəyərli tortum o oldu”.
İkinci Qarabağ müharibəsi iştirakçısı, müğənni Fərid Kərimov
© Photo : Shahperi Abbasova
Ayağından yaralanan Fəridə təxris olunması ilə bağlı təklif olunsa da, o bundan imtina edib, döyüşünü davam etdirib. Fərid deyir ki, bu gün sağ olmasına görə Tanrıdan sonra Baş leytanant Həsənağa Abdullazadəyə və Mayor Vüsal Vəliyevin şəhadətinə borcludur:
“Onlar bizi ehtiyat qrupuna atdılar. Çünki, onlar getdikləri yerin nə qədər çətin olduğunu bilirdilər. Oktyabrın 2-də postlardan biri işğaldan azad olundu. Bir neçə saatdan sonra başqa bir postumuzun azad olunduğu xəbərini aldıq. Günorta saatlarında Baş leytenant Həsənağa Abdullazadə rabitədə öz şəhadətini elan etdi. Özü son nəfəsində artıq canını tapşırdığını bizə məlumat verdi. Həsənağanın şəhid olduğunu eşidən komandirimiz birbaşa döyüşə girdi və Vüsal da şəhid oldu”.
Fərid deyir ki, müharibə onun dünyaya baxışını dəyişdi. Dəfələrlə həyatla ölüm arasında olan zaman dünyanı dərk etdiyi söyləyir:
“Müharibədə quru çörəyin dəyərini anladıq. Kimə güvənib, kimə güvənməyəcəyimi anladım. Bəzən yaşlı nəslin nümayəndələri gəncləri vecsiz adlandırırdılar. Onlar da anladılar ki, gənclərimiz heç də onların sandıqları kimi bivec deyillər. Müharibədə Azərbaycan xalqının bir olduğunu, yumruq kimi birləşdiyini gördüm”.
İkinci Qarabağ müharibəsi iştirakçısı, müğənni Fərid Kərimov
© Photo : Shahperi Abbasova
Qəhrəmanımız təəssüf hissi ilə qeyd edir ki, iki keçməsinə baxmayaraq, hələ də ölkəmizdə müharibə mövzusunda dünyaya car çəkəcək nə bir film, nə də bədii əsər var:
“Mən dünyadan nümunələr gətirmək istəmirəm. Elə özümüzdən danışaq. 90-cı illərdə texnikanın çatışmadığı, ölkənin xaos olduğu bir dönəmdə “Fəryad” kimi film çəkdilər. Amma bu gün dövlət kinoya pul ayırdı, amma iki ildir ki, “Fəryad-2” ni gözələyirik. Bir film çəkdilər, mənə də orada rol verdilər. Amma filmdə o qədər səhv var idi ki, mən çəkiliş meydançasında belə o filmin uğursuz olacağını anladım. Halbuki Müdafiə Nazirliyi onlara dəstək olmuşdu. Sadəcə filmin rejissoru peşəkar deyildi. Film ortalıqda yoxdur, mən bilirdim ki, belə də olacaq”.