DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan MN Ermənistanla bağlı yayılan xəbəri təsdiqlədi

KTMT-nin kollektiv qüvvələrinin təlimləri sentyabrın 26-da Qazaxıstanda başlayıb və oktyabrın 8-dək davam edəcək.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Qazaxıstan Müdafiə Nazirliyi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakdan imtina etməsini rəsmən təsdiqləyib. Bu barədə Sputnik Qazaxıstan xəbər verir.
"KTMT təlimlərində iştirak etməmək qərarı ilə bağlı rəsmi məlumat Ermənistan Müdafiə Nazirliyindən gəlib. Biz bunu təsdiq edirik", - Qazaxıstan Müdafiə Nazirliyi qeyd edib.
KTMT-nin kollektiv qüvvələrinin təlimləri sentyabrın 26-da Qazaxıstanda başlayıb və oktyabrın 8-dək davam edəcək. Onlar komendant xidməti, hava hücumundan müdafiə və hərtərəfli təminat məsələlərini işləyəcəklər.
Ötən bazar ertəsi Ermənistan KİV-i Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər yaymışdı ki, təlimlərdə iştirak etməmək qərarı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə əlaqədar qəbul edilib.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.
Qeyd edək ki, ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən əraziyə baş çəkib.
Təşkilatın Ermənistandakı missiyası Azərbaycan ilə sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.
Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.