BAKI, 27 sentyabr — Sputnik. Pakistanda Rusiya ilə rubl və yuanla ticarətin aparılması imkanları nəzərdən keçirilir. Bunu Pakistan Ticarət Evi Assosiasiyasının prezidenti, Rusiya Ticarət və Sənaye Palatasının Rusiya-Pakistan İşgüzar Şurasının icraçı direktoru Zahid Əli Xan Yekaterinburqda keçirilən "İxrac Marafonu" beynəlxalq forumunda jurnalistlərə bildirib.
Zahid Əli Xan əlavə edib ki, bu məsələ gələn il həll oluna bilər.
"Biz hələ ki, dollarla ticarət edirik, amma dollar da problemdir. Biz rublla alqı-satqı məsələsini nəzərdən keçiririk, lakin məsələ hələ ki, həll edilmək üzrədir. Və ya alqı-satqını yuanla da həyata keçirmək olar – Çin bizim çox gözəl dostumuz və qonşumuzdur. Lakin məsələ hələ həll olunmayıb", - deyən Zahid Əli Xan, belə bir keçidin gələn il baş verə biləcəyini qeyd edib.
Onun sözlərinə görə, Pakistan bazarı Rusiyadan kimya sənayesi və əczaçılıq sahəsində malların tədarükündə maraqlıdır.
"Yaxın gələcəkdə biz Rusiya ilə Pakistan arasında münasibətlərin inkişafı üçün çox böyük perspektivlər görürük. Xüsusilə, təbii ki, [Pakistan maraqlıdır ki,] Rusiya kimya məhsulları, texniki məhsullar, kağız və s. ixrac edir, bizim əczaçılıq məhsullarına ehtiyacımız var. Bunlar hazırda üzərində işlənən məsələlərdir", - deyə Zahid Əli Xan bildirib.