BAKI, 27 sentyabr — Sputnik. Neft qiymətləri ucuzlaşmadan sonra yenidən bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,93 dollar artaraq 84,99 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,94 dollar bahalaşaraq 77,65 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,74 dollar azalaraq 89,07 dollar olub.
Qeyd edək ki, dolların bahalaşması və iqtisadi tənəzzül qlobal enerji tələbatına təsir göstərir. Neft ötən həftədən etibarən ucuzlaşmağa davam edib.
Xatırladaq ki, sentyabrın 21-də ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini yenidən qaldırdıqdan sonra dolların məzənnəsi digər aparıcı valyutalarla müqayisədə son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.