Bir əllərində üçrəngli Azərbaycan bayrağı, bir əllərində qərənfillər. Bu gün II Şəhidlər Xiyabanına gedən yolda böyük insan izdihamı yaşanır. Azərbaycan xalqı öz şəhidlərini anmaq üçün qürur yerimiz olan II Şəhidlər Xiyabanına axışır. Hər kəs 44 günlük müharibədə canından keçərək Azərbaycana qələbə sevincini yaşadan şəhidlərin məzarı önünə can atır.
27 sentyabr - Anım Günü ilə əlaqədar ictimaiyyət nümayəndələri, rəsmi şəxslər, hərbçilər və şəhid ailələri də II Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sputnik Azərbaycan-ın fotomüxbiri bu kövrək anları fotokameranın yaddaşına köçürüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.