İki il əvvəl, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatından sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və bu əməliyyat Azərbaycanın qələbəsi və işğal olunmuş torpaqların azad edilməsi ilə başa çatıb. İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr Azərbaycanda Anım Günü kimi təsis edilib.
Bu gün insanlar Vətən müharibəsi zamanı həlak olmuş hərbçilərin dəfn olunduğu İkinci Fəxri Xiyabana gəlir, Azərbaycan qəhrəmanlarının məzarlarına gül və əklillər qoyurlar.
Xiyabanı Azərbaycanın müdafiə naziri Zakir Həsənov da ziyarət edib. Saat 12-də bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib.