Vyaçeslav Volodinin səfəri münasibətlərimizin inkişafı üçün təsirli olacaq - Millət vəkili
Rusiya Dövlət Dumasının sədri Azərbaycana rəsmi səfərə gəlib. Milli Məclisin deputatı səfərin əhəmiyyəti barədə Sputnik Azərbaycan-a danışıb.
SputnikBAKI, 26 sentyabr — Sputnik. Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin inkişafı kontekstində kompleks məsələlərin müzakirəsi nəzərdə tutulub.
Bunu Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a bu səfərin əhəmiyyətindən danışarkən deyib.
2018-ci ildə Vyaçeslav Volodin Azərbaycana rəsmi səfərə gəlib
Deputat xatırladıb ki, 2018-ci ilin iyunun 24-də Vyaçeslav Volodin Azərbaycana rəsmi səfərə gəlib və həmin səfər çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin inkişafı aspektləri müzakirə olunub. Həmçinin bu prosesdə parlamentlərin verə biləcəyi töhfələr, sonrakı addımlar ətrafında da fikir mübadiləsi aparılıb. 2020-ci ilin sentyabr ayında Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdə olub. Bu səfər çərçivəsində Sahibə Qafarova Vyaçeslav Volodin ilə görüşüb. Tərəflər Azərbaycan-Rusiya münasibətlərinin inkişafı kontekstində parlamentlərarası əlaqələrin genişləndirilməsi ətrafında müzakirə aparıblar.
Deputat hesab edir ki, indiki şərtlər daxilində Vyaçeslav Volodinin Azərbaycana səfəri yenə də Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı inkişafının qanunvericilik bazasının möhkəmləndirilməsi imkanlarının müzakirəsi ilə yadda qalacaq:
"Azərbaycanda VI çağırış Milli Məclis parlament diplomatiyasının uğurlu nəticələrinə imza atmaqdadır. Belə ki, Azərbaycanın beynəlxalq təmaslarının genişləndirilməsi, əməkdaşlıq sistemində ölkəmizin rolunun və yerinin möhkəmləndirilməsi baxımından parlamentin beynəlxalq səviyyədəki təmasları, fəaliyyəti kifayət qədər yaxşı nəticələrin əldə olunmasını şərtləndirdi".
Azərbaycanla Rusiya münasibətləri davamlı olaraq inkişaf etməkdədir
O diqqətə çatdırıb ki, Azərbaycanla Rusiya münasibətləri davamlı olaraq inkişaf etməkdədir:
"Bu ilin fevral ayının 22-də "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb. Bu kontekstdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi bütövlükdə iki dövlət arasında həm əməkdaşlığın genişləndirilməsinə həm də münasibətlərin daha da uğurla inkişaf etdirilməsinə xidmət edəcək".
Nensi Pelosi Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib
Deputat eyni zamanda bu yaxınlarda ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə də toxunub:
"Nensi Pelosi öz tvitter səhifəsində açıq etiraf etdiyi kimi, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib, Azərbaycanı təcavüzkar tərəf adlandırıb. Belə yanaşma regionda artıq start götürmüş və məhz Azərbaycanın iradəsi sayəsində uğurla inkişaf edən sülh prosesinə çox ciddi zərbə idi. Nəzərə almaq lazımdır ki, məhz Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanıb. Ayrıca olaraq Rusiya Prezidenti Ermənistan tərəfinin üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən ehtimal edilən imtinasını "böyük səhv" və hətta "intihar" kimi xarakterizə edib. Üçtərəfli bəyanatda yer almış məqamlar Azərbaycanın haqlı maraqlarına uyğun idi. Eyni zamanda üçtərəfli bəyanatın şərtlərinə dəqiq əməl olunması yekun sülh sazişinin imzalanması üçün ciddi əsas yaradırdı".
"Bu baxımdan məhz Nensi Pelosinin Ermənistana səfərindən sonra Vyaçeslav Volodinin Azərbaycana rəsmi səfər etməsi Rusiyanın 2020-ci ilin payızından sonra regionda formalaşmış yeni reallıqlara dəstək xarakteri də daşımış olacaq. Çünki regiondakı sülh prosesində Rusiyanın aydın mövqeyi ortadadır. Bu mövqe də ondan ibarətdir ki, əldə olunmuş razılaşmanın şərtlərinə dəqiqliklə əməl olunmalıdır ki, yekun sülh sazişi imzalansın", - deyə o qeyd edib.
Vyaçeslav Volodinin Azərbaycana səfəri münasibətlərin dinamik inkişafı üçün təsirli olacaq
Deputat diqqətə çatdırıb ki, Vyaçeslav Volodinin Azərbaycana səfəri Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı mərhələdə daha dinamik inkişafı üçün təsirli olacaq.
Xatırladaq ki, Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət Dumasının sədri Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını da ziyarət edib, məzarı önünə əklil qoyub. Vyaçeslav Volodin həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Səfər davam edir.