BAKI, 26 sentyabr — Sputnik. Sakit okeanın çoxlu sualtı vulkanların olduğu cənub-qərb hissəsində, mərkəzi Tonqa adaların Houm-Rif sualtı dağında vulkanın püskürməsindən sonra “Baby” adlanan yeni bir ada yaranıb. Bu barədə CNN yazır.
NASA Yer Rəsədxanasının məlumatına görə, belə su altında qalmış vulkanlardan biri sentyabrın 10-da oyanaraq lava, buxar və külün püskürməsinə səbəb olub. Vulkan püskürməsinin başlamasından cəmi on bir saat sonra suyun səthində yeni bir ada görünüb. Agentlik adanın peyklərdən şəkillərini lentə alıb.
Qeyd edilir ki, yeni adanın ölçüsü sürətlə böyüyüb. Dörd gün sonra, sentyabrın 14-də Tonqa Geoloji Xidmətinin tədqiqatçıları adanın sahəsinin cəmi 4000 kvadratmetr - təxminən bir akr olduğunu, sentyabrın 20-də isə adanın 24.000 kvadratmetr və ya təxminən altı akra qədər böyüdüyünü bildiriblər.
NASA qeyd edir ki, sualtı vulkanlar nəticəsində yaranan adalar "çox vaxt qısa ömürlü" olur, lakin bəzən illər və hətta onilliklər ərzində bu adalar qala bilir.