BAKI, 26 sentyabr — Sputnik. Bakıətrafı sürətlə böyüdüyündən, hələ də yeni yaşayış massivləri tam qazlaşdırılmayıb. Qarşıdan isə soyuq qış fəsli gəldiyindən, yeni yaşayış massivlərində yaşayan əhali qaz xəttini öz vəsaitləri hesabına çəkdirmək məcburiyyətində qalıb. Əhaliyə qaz xətini çəkən podratçı şirkətlər isə fürsətcil davranıb qiyməti öz istədikləri kimi müəyyənləşdirirlər.
300 metrə 6 min manat istəyirlər
Esmira Nuriyeva adlı vətəndaş Mehdiabad qəsəbəsində yeni salınan yaşayış massivində yaşayır. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni tikdirdiyi evi ilə əsas qaz xəttinin arasındakı məsafə 300 metrdir. Sakin qazın çəkilməsi üçün podratçı şirkətə müraciət etdikdə ondan fantastik məbləğdə ödəniş tələb olunub:
""Azəriqaz" İstehsalat Birliyinə qaz xəttinin çəkilişi üçün müraciət etsəm də, onlar hələki yaşadığımız ərazinin planda olmadığını, xətti öz vəsaitim hesabına çəkdirməli olduğumu söylədilər. Bildirdilər ki, bunun üçün podratçı şirkətlərə müraciət edək. Həmin şirkətlərin bir neçəsi ilə əlaqə saxlamışam. Hamısı demək olar ki, 300 metr məsafə üçün 6000 manat vəsait istəyirlər. Üstəlik hər evdən sayğac üçün 400 manat tələb edirlər".
Vətəndaş deyir ki, halbuki, onların öz hesablamalarına görə 300 metr məsafəyə qaz xətti çəkmək heç 1000 manat vəsait tələb etmir.
Sakin deyir ki, "Azəriqaz" İB abonentə qaz xətti çəkməyə icazə vermir. Bu səlahiyyət ancaq lisenziyalı podratçı şirkətlərdədir. Onlar isə elə qiymət deyirlər ki, vətəndaşların soyuqda qalmaqdan başqa çarəsi qalmır.
Apardığımız araşdırma zamanı vətəndaşın şikayətində haqlı olduğu üzə çıxdı. Bakı şəhəri və ətraf ərazi, Abşeron rayonu, Sumqayıt şəhəri üzrə maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması üçün lisenziya almış bir neçə podratçı şirkətlə əlaqə saxladıq. Onlar 300 metr məsafəyə qaz xətti çəkməyin minimum 6, maksimum 8 min manat vəsait ödənməli olduğunu bildirdilər.
"İMPULS-AR" MMC-nin rəhbəri Elşən Nəcəfov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, fərdi evlərə qaz xətti ya 57, yaxud da 76 diametrlik boru ilə çəkilməlidir. Əgər qaz xəttinin qoşulduğu boru 80 diametrlikdirsə bu zaman vətəndaşa qaz 76 diametrlik boru ilə çəkilməlidir. Bunun üçün vətəndaşın 7500-8000 manat arasında xərci çıxır. Məsafə bir qədər artıqdırsa bu xərc 10 min manata qədər artır.
E. Nəcəfov bildirdi ki, vətəndaşlar qiymətin baha olmasından şikayətlənsələr də, şirkət onlardan borunun haqqını, çəkilmək xərcini tələb edir.
"Azəriqaz" İB yaxasını kənara çəkir
"Azəriqaz" İB-nin mətbuat katibi Eldəniz Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında söyləyib ki, qurum qaz çəkilişi ilə məşğul olmur. Proqrama əsasən qazlaşdırma aparıldıqda "Azəriqaz" İB bunu dövlət vəsaiti hesabına icra edir. Qazlaşdırılmamış ərazilərin qazlaşdırılması mərhələli şəkildə icra edilir. Əgər vətəndaş bunu gözləmirsə, lisenziya əsasında maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyətini həyata keçirən podratçı şirkətlərə müraciət edə bilər. "Azəriqaz" İB həmin podratçı şirkətlərin işinə, qiymət siyasətinə müdaxilə edə bilmir. Bu müqavilə podratçı şirkətlə vətəndaş arasında bağlanır.
E.Vəliyev sayğaca görə əhalidən pul tələb olunmasının qanunsuz olduğunu söylədi. Onun sözlərinə görə, əhali qrupu abonentlərinə j-4 və j-6 qaz sayğacları ödənişsiz qoyulur.
İstehlakçının hüququ pozulubsa məhkəməyə müraciət etsin?
Apardığımız araşdırma zamanı məlum oldu ki, hazırda ölkədə maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyətini həyata keçirən onlara podratçı şirkət var. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin saytında onların siyahısı və əlaqə nömrələri də qeyd olunub.
Qurumdan bildirdilər ki, lisenziya verilən bu şirkətlərin sayı ölkə üzrə 76-dır. Vətəndaş həmin şirkətlərlə danışıb qaz xətinin çəkilişi üçün ən münasib qiymət təklif edəni seçə bilər. Xidmətdən bildirdilər ki, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti- quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir:
"Tikinti-quraşdırma işlərinin dəyəri istehlakçı ilə podratçı arasında razılaşmaya əsasən təyin olunur. Tikinti-quraşdırma işlərinin istehlakçı ilə podratçı arasında bağlanılan müqavilə əsasında həyata keçirilməsi və ödənişlərin podratçının bank hesabına ödənilməsi zəruri hesab edilir".
Xidmətdən onu da qeyd etdilər ki, tikinti-quraşdırma işləri üzrə tərəflərin hüquq və vəzifələri, mövcud qanunvericilik aktları ilə müəyyən edilən öhdəlikləri istehlakçılar ilə podratçı arasında bağlanılan müqavilə ilə tənzimlənir. Hüquqları pozulan tərəfin digər tərəfə iddiası məhkəmə qaydasında həll olunur.
Podratçı şirkətlərdən narazılıq çoxdur
"Azəriqaz" İB yanında İctimai Şuranın üzvü, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, podratçı şirkətlər vətəndaşları aldatmaqla məşğuldur. Onlara liseynziyanı SOCAR verir. O şirkətlər bir şəxsin nəzarəti altındadır. Ona görə də qiyməti diktə edirlər. Çünki, bu sahədə monopoliya var. E. Yaqubov bununla bağlı AİB-ə çoxsaylı şikayətlərin daxil olduğunu söyləyir.
SOCAR-dan isə sorğumuza cavab veriləcəyini bildirdilər.