BAKI, 26 sentyabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Soçidə danışıqlar aparıb. Rusiya mediasının xəbərinə görə, Belarus lideri bildirib ki, Qərbin tətbiq etdiyi sanksiyalar fonunda iki ölkə idxalın əvəzlənməsi probleminin həllində uğurlu işlər görür.
"Biz əhəmiyyətli dərəcədə dəyişdik və gördük ki, normal yaşaya və mövcud ola bilərik. Biz idxalın əvəzlənməsi ilə bağlı uğurlu işlər görürük. Həm öz hərbi, həm də mülki təyyarələrimizdə uçacağıq və avtomobillərimizlə hərəkət edəcəyik", - deyə Lukaşenko Putinlə görüşdə deyib.
Qeyd edək ki, Rusiya Federasiyası və Belarus liderləri bazar ertəsi Soçidə danışıqlar aparır. Görüşün görüntüləri "Rossiya 24" telekanalı tərəfindən yayımlanıb.
Liderlər Qərbin sanksiyaları və onlara qarşı müqavimət mövzusuna toxunublar.
Belarus prezidenti vurğulayıb ki, Qərb ölkələrinin tətbiq etdiyi məhdudiyyətlərlə bağlı heç bir narahatlıq yoxdur.
Ukraynanın demilitarizasiyası üzrə fevralın 24-də başlayan Rusiya xüsusi hərbi əməliyyatına Minskin dəstəyinə görə Qərbin Belarusa qarşı sanksiyalarının genişləndirilməsində yeni mərhələ baş verib.
Qərb ölkələri də Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu vəziyyət Minsk və Moskvanın iqtisadi inteqrasiyasına, ticarət əməkdaşlığının intensivləşməsinə, idxalın əvəzlənməsi üzrə birgə tədbirlərin işlənib hazırlanmasına və qəbul edilməsinə təkan verib.