AZƏRBAYCAN XƏBƏRLƏRİ

Fazil Mustafa Volodinin Azərbaycana səfərinə münasibət bildirib

Deputatın sözlərinə görə, parlament diplomatiyası həm dövlətlər, həm də xalqlar arasında münasibətlərin inkişafı baxımından faydalıdır
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. "Həm MDB, həm də başqa platformalarda Azərbaycanın Rusiya ilə normal münasibətləri var. Şanxay Əməkdaşlıq Təşkilatı platformasında da normal əlaqələrimiz mövcuddur". Bunu Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa Sputnik Azərbaycan-a Rusiya Dövlət Duması sədrinin ölkəmizə səfərinə münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycan qonşu ölkələrlə normal əməkdaşlıq münasibətləri, iqtisadi fəaliyyətlərin uyğunlaşdırılması istiqamətlərində addımlar atır:
"Hansı ölkə bizimlə normal münasibətlər qurmaq istəyirsə, biz onlarla normal münasibətlər qururuq. Ola bilər, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfəri də bu çərçivədə olan səfərlərdən biridir".
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfərə gəlib
Deputat qeyd edib ki, parlament diplomatiyası həm dövlətlər, həm də xalqlar arasında münasibətlərin inkişafı baxımından faydalıdır:
"Rusiya bizimlə normal münasibət saxlayırsa, biz bu münasibətlərin bütün qollarını nəzərdə tutmalıyıq və bunun da ən vacibi parlamentlərarası əlaqədir. MDB Parlament Assambleyasında da birgə çalışmalar var və gələcəkdə yəqin bu çalışmalar davam edəcək. Çalışmalıyıq ki, normal münasibətlərimizi davam etdirək".
Xatırladaq ki, Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət Dumasının sədri Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını da ziyarət edib, məzarı önünə əklil qoyub.
Vyaçeslav Volodin həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Səfər davam edir.