Volodinin Azərbaycana rəsmi səfəri Azərbaycan Prezidenti İlham Əliyevin qəbulu ilə başlayıb.
Görüşdə Azərbaycan dövlətinin başçısı Azərbaycan ilə Rusiya arasında parlamentlərarası əlaqələrin inkişaf tempindən məmnunluğunu ifadə edib, həmçinin birgə səylərlə əldə olunan nəticələrin iki ölkə və bütün region üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Dövlət Dumasının sədri öz növbəsində bildirib ki, bir çox cəhətdən iki ölkə arasında münasibətlər dövlət başçıları arasında təmaslar və imzalanmış Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamə sayəsində inkişaf edir.
Vyaçeslav Volodin dövlətimizin başçısı ilə görüşdən sonra Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, Qarabağ müharibəsində həlak olan əsgərlərin məzarları üzərinə gül dəstələri qoyub.
Sonra Azərbaycan Milli Məclisində Azərbaycan və Rusiya parlamentarilərinin görüşü keçirilib.
Söhbət zamanı Dövlət Dumasının sədri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Moskvaya dəvət edib, Rəsmi səfər ilin sonuna qədər baş tuta bilər.
“Bu gün ünsiyyət qurmaq fürsətinə, Azərbaycana səfərə dəvətə görə təşəkkür edirəm. Və təbii ki, ilin sonuna qədər sizi cavab səfəri ilə gözləyirik. Əgər bunu mümkün hesab etsəniz, biz çox şad olarıq”, - deyə Volodin bildirib.
Duma sədri həmçinin vurğulayıb ki, parlamentlərarası əməkdaşlığın yeni formatlarının müzakirəsi düzgün olardı.
“Hazırlanmış müqavilənin imzalanmasını başa çatdırmaq üçün sizi Rusiyada gözləyirik. Bunu rəsmi səfəriniz zamanı imzalamaq düzgün olardı ki, parlamentlərimiz dövlət başçıları səviyyəsində qəbul edilən qərarların icrasına cəlb olunsun”, deyə Volodin bildirib.