CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdman müəllimi ilə şagirdinin dueti dillər əzbəri oldu

Məktəbin direktor müavini ilə XI sinif şagirdinin ifa etdiyi mahnı qısa zaman ərzində populyarlıq qazanıb və dillər əzbəri olub.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Qazax rayonu İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktor müavini Süleyman Həsənovla həmin məktəbin XI sinif şagirdi Türkan Rəhimovanın dueti hər kəsin diqqətini cəlb edib. Müəllim və şagirdin birgə ifa etdiyi "Elfida" mahnısı sosial şəbəkələrdə maraqla qarşılanıb.
Son günlər sosial şəbəkə istifadəçilərinin sevimlisinə çevrilən Süleyman Həsənov 1989-cu ildə "Fərqanə hadisələri" zamanı Azərbaycana pənah gətirib. 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasında yerli əhali arasında Axısqa türklərinə qarşı zorakılıq halları ilə müşayiət olunan iğtişaşlar "Fərqanə hadisələri" kimi tarixə düşüb. Həmin hadisədən sonra Özbəkistanda yaşayan 100 minə yaxın Axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınıb, onların bir hissəsi də Özbəkistandan Azərbaycana pənah gətirib.
Süleyman müəllim deyir ki, Türkanın istedadını o V sinifdə oxuyarkən məktəb tədbirlərinin birində vaxt kəşf edib. Həmin gün Türkanı Mədəniyyət Evinə aparan Süleyman müəllim orada çalışan skripka müəllimi olan Vahid Bayramovdan musiqi ilə bağlı müəyyən tövsiyələr də alıb:
"Pandemiya vaxtı ona təklif etdim ki, video formatda duet oxuyaq. Beləliklə, pandemiyadan bu günə kimi onlayn formatda duetlərimiz oldu. Amma bizi məşhurlaşdıran "Tik-tok" oldu".
Bundan əvvəl müxtəlif dillərdə duet oxuyan Süleyman müəllim bildirir ki, "Elfida" mahnısını Türkanın xahişi ilə ifa ediblər:
"Türkan dedi ki, o mahnının acı bir hekayəsi var, xəstə qız üçün yazılmış mahnıdır. Biz də bu mahnının oxuyaq və xəstə uşaqlara həsr edək. Mən də Türkanla razılaşdım və mahnını oxuduq. Ancaq bu qədər seviləcəyini və yayılacağını düşünməmişdik".
S.Həsənov həm də çalışdığı məktəbin bədən tərbiyəsi müəllimidir. Musiqi təhsili olmayan həvəskar ifaçı bildirir ki, əvvəllər oxuduğu mahnılar "Youtube"a yüklənsə də insanların diqqətini çəkməyib:
"İki aydır ki, "Tik-tok"a yükləyirəm. Görürəm ki, "Tik-tok"la daha çox tanınmaq olur. Türkan hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hazırlaşır. Videoların davamı gələcək, amma Türkan XI sinifdə oxuduğu üçün onu çox yormaq istəmirəm. Hazırda III ixtisas qrupu üzrə hazırlaşır və gələcəkdə aktyor olmaq istəyir".