SƏHİYYƏ

Türk həkimdən ürək çatışmazlığı və damar tıxanıqlığının qarşısını almaq üçün sadə resept

Ürək çatışmazlığı və damar tıxanıqlığının qarşısını almaq üçün gün ərzində azı 45 dəqiqə hərəkət etmək vacibdir.
Sputnik
BAKI, 25 sentyabr - Sputnik. Türkiyəli həkim, professor Əziz Karabulut qarşıdakı yüz il ərzində bir çox insanın ürək çatışmazlığından əziyyət çəkəcəyini və bu xəstəliyin dünyada pandemiya halını alacağını açıqlayıb.
Bəs bunun necə qarşısını almaq, bu vəziyyətdən xilas olmaq mümkündür?
Türkiyəli alim Əziz Karabulut bu vəziyyətin qarşısını almaq üçün bir sıra nüansları açıqlayıb.
Həkim qeyd edib ki, texnologiyanın inkişafı nəticəsində dünya əhalisinin böyük hissəsi oturaq həyat tərzi yaşayır. Odur ki, ürək çatışmazlığı və damar tıxanıqlığının qarşısını almaq üçün gün ərzində azı 45 dəqiqə hərəkət etmək vacibdir.
Bundan başqa, həkim xolesterol, karbohidratlı qidaları daha az yeməyi lazım bilir.
Eyni zamanda professor siqaretdən və digər zərərli vərdişlərdən uzaq durmağı, artıq çəkidən azad olmağı, şəkərli qidalardan imtina etməyi, qan təzyiqini normaya salmağı məsləhət görür.
Türkiyəli həkim bildirir ki, xüsusən də 40 yaşdan yuxarı olan şəxslər ən azı iki ildə bir dəfə qan şəkərini, qan təzyiqini yoxlatmalı, kardioloq müayinəsindən keçməlidirlər.
Əziz Karabulutun fikrincə, bu məsləhətlərə əməl etməklə ürək çatışmazlığı xəstəliyinin yaranma riskini aradan qaldırmaq olar.