CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələrdəki manipulyasiyalarla nə etməli: Ancelina Coliyə oxşadılmaq cinayətdir?

Elvin Abbasov bildirir ki, saxta profillərdə müəyyən haqsızlıqlar edən, bilərəkdən yanlış məlumat yayan şəxslər tapıldıqda, kiminsə hüquqları pozulduqda qanunverciliklə müvafiq addımlar atılır.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron təhlükəsizliyi təmin etmək üçün müvafiq bölmələri var. Bu bölmələrə daxil olmaqla müxtəlif sosial şəbəkələr üzərindən fəaliyyət göstərən saxta profillərlə bağlı şikayətlər ünvanlamaq mümkündür.
Bunu İnformasiya Kommunikasiya və Texnologiyaları üzrə ekspert Elvin Abbasov son zamanlar saxta profillərdən yayılan məlumatlar, yaranan məsuliyyət haqda Sputnik Azərbaycan-a danışarkən deyib.
O qeyd edib ki, real həyatda baş verən hansısa münaqişələrlə yanaşı sosial şəbəkələrdə də baş verən hansısa münaqişə, problemlərlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına şikayət edilməlidir. Qanunsuz əməllə məşğul olan şəxs tapılarsa, bu zaman məhkəmə predmetinə müvafiq olaraq addımlar atılır.
Ekspertin sözlərinə görə, Cinayət Məcəlləsində də bu münasibətlərlə bağlı müəyyən nüanslar var.
Azərbaycanda sosial şəbəkələrin nümayəndəliklərinin olmadığını deyən mütəxəssis bildirir ki, bu səbəbdən də həmin platformalar üzərində baş verən hansısa hal ölkədəki qanunvericiliklə tənzimlənir:
"Yəni saxta profillərdə müəyyən haqsızlıqlar edən, bilərəkdən yanlış məlumat yayan şəxslər tapıldıqda, kiminsə hüquqları pozulduqda qanunverciliklə müvafiq addımlar atılır. Saxta profillərin tapılması üçün müəyyən məlumatlar əldə olunmalıdır. İP nömrələr və digər detallar müəyyənləşdirilir".
Hüquqşünas Elvin Səlimov isə deyir ki, sosial şəbəkələr üzərindən təhqir, böhtan, şərəf və ləyaqətin alçaldılması ilə bağlı hansısa nüanslar varsa, bu zaman qanunvericiliyə müvafiq addım atıla bilər. Lakin şəxsin şərəf və ləyaqətini alçaldacaq hansısa nüanslar yoxdursa, bu zaman qarşı tərəf təkzib tələb edə bilər.
"Deputat Fatma Yıldırımla bağlı paylaşımda onun hansı şərəf və ləyaqəti pozulub?! Onu Ancelina Coliyə oxşadıblarsa, burada nə var ki?!. Lakin şəxsin şərəf və ləyaqətinə toxunularsa, mülki qaydada iddia tələbi irəli sürə bilər. Böhtan və təhqir olduğu halda, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən məhkəməyə şikayət etmək olar", - deyə o, əlavə edib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə millət vəkili Fatma Yıldırımın dilindən yayılan ifadə rezonansa səbəb olmuşdu. Bu paylaşımda Fatma Yıldırımın guya verdiyi müsahibədə “Seçicilərim məni Ancelina Coliyə bənzədir” dediyi iddia olunurdu.
F.Yıldırım yayılan məlumatla bağlı açıqlamasında bildirib ki, sosial şəbəkələrdə onun adından yayılan məlumatlar həqiqəti əks etdirmir.