CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik alverçilərinə ömürlük həbs cəzası verilməlidir - Millət vəkili

Millət vəkili Ceyhun Məmmədov deyir ki, narkotik alveri ilə məşğul olanlar ömürlük azadlıqdan məhrum olunmalıdırlar
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Narkomaniya ilə bağlı problem təsəvvür etdiyimizdən daha da ağırdır. Narkotik alveri ilə məşğul olan şəxslər bundan böyük gəlir əldə etdiyi üçün çalışırlar ki, bütün yollarla gəncləri zəhərləsinlər və daha çox pul qazansınlar. Hesab edirəm ki bir insan çoxsaylı insanı zəhərləyirsə, onun azadlıqda gəzməsi düzgün deyil. Belə olduğu halda düşünürəm ki, ömürlük həbs cəzası da tətbiq olunmalıdır ki, gələcəkdə biz daha acınacaqlı vəziyyətlə üz-üzə qalmayaq.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, eyni zamanda da Elm və təhsil komitəsinin üzvi Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O bildirib ki, narkotik alverçilərinə qarşı qanunvericilik daha da sərtləşdirilməlidir, belə şəxslər daha ağır cəzalandırılmalıdırlar: "Narkotik alveri ilə mübarizədə tədbirlər görülür, bu istiqamətdə həbslər də var. Hüquq-mühafizə orqanlarının üzərinə çox böyük iş düşür. Bu bəlanın qarşısını almaq üçün sərhədə diqqət gücləndirilməlidir. Bunu etməsək bu alverçilər, Azərbaycana qarşı bu işi görənlər genefondumuzu məhv edəcəklər. Təsəvvür edin, əvvəllər qramlarla, indi isə 100 kilo və daha artıq miqdarda narkotik maddələrin gətirildiyinin şahidiyik".
Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada olduğu kimi Azərbaycanda da günü-gündən narkotik istifadəçilərinin sayının artması müşahidə olunur: "Narkotik ticarətinin qarşısını almaq üçün hüquq-mühafizə orqanları ciddi mübarizə aparmalıdırlar. Bu sahədə səhlənkarlığa yol verənlər, belə şəxslərə müəyyən qədər şərait yaradanlar, onlarla əlaqədə olan hər kəs hüquq-mühafizə orqanlarından qovulmalıdır".
O qeyd edir ki, yalnız hüquq-mühafizə orqanlarına güvənib narkomanlara, narkotik alverçilərinə qarşı mübarizə aparmaq olduqca çətindir. Narkotik alverçilərinin hər yerdə olduğunu deyən hüquq müdafiəçisi bildirir ki, bu şəxslər müxtəlif sosial şəbəkələr vasitəsilə alış-veriş edərək izlərini itirirlər: "Lakin qeyd edim ki, bu kimi hallarla mübarizə təkcə hüquq-mühafizə orqanları tərəfindən görülməməlidir. Bu məsələdə ictimaiyyətin də dəstəyi lazımdır. Hər kəs belə şəxslərlə bağlı dərhal polisə məlumat verməlidir. Əks halda bu bəlaya qarşı gücsüz olacağıq".
Qanunvericilikdə hansısa dəyişikliyə ehtiyac varmı?
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və Əmək və sosial siyasət komitəsinin üzvi Arzu Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunvericlikdə mübarizə üsulları ilə bağlı hər bir şey nəzərdə tutulub "Qanunvericilik kifayət qədər sərtdir və burada nəsə əlavəyə ehtiyac yoxdur. Sərhəddə ikən böyük miqdarda narkotiklərin keçirilməsinin qarşısı alınır. Həbslər də var".
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası nə iş görür?
Komissiyanın məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6 min 551 cinayət faktı aşkarlanıb.
Onlardan 2 min 354-ü narkotik vasitələrin qanunsuz satışı, 3 min 841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 289-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 67-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunann 3 ton 904 kiloqram 791,79 qram və 301 min 30 həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 737 kiloqram 292,852 qramını heroin, 1 ton 231 kiloqram 230,524 qramını marixuana, 207 kiloqram 908,831 qramını tiryək, 20 kiloqram 549,344 qramını həşiş, 199 qramını kokain, 30 min 130 həb metadon, 117 kiloqram 139,337 qramını digər narkotik vasitələr və 590 kiloqram 471,902 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 1 kiloqram 604,4 qram güclü təsir edən maddə, 10 kiloqram 37,6 qram zəhərli maddə, 72 min 707 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 min 704 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır.
Komissiyanın məlumatına görə, məsuliyyətə cəlb edilən 56 xarici ölkə vətəndaşından 23-ü İran İslam Respublikası, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olub.
Qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsi faktları aşkarlanıb
Cari ilin 7 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 157 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 842 kiloqram 206,002 qram və 7 min 952 ədəd kapsul müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 50 min 640 nəfər istiqamətləndirilib.
Narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1963 nəfərindən 1410-nun istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Narkotiklərə qarşı mübarizə aparmağın daha bir yolu 802 "Qaynar xətti"nə müraciətlərin edilməsidir.
Narkotiklərlə mübarizə aparmaq üçün 802 "Qaynar Xətt"ə daxil olan müraciətlərə nəzər salaq:
Cari ilin yeddi ayında "802"-ə 1235 vətəndaş müraciəti daxil olub ki, onların 148-ni narkotik vasitələrin qanunsuz dövriyyəsi, 516-ı narkotik asılılıqdan müalicə, 571-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 664 məktub ünvanlanıb.
Belə ki, 802 "Qaynar xətt"i vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Narkomanların sayı
Ötən il ərzində tibb müəssisələrində narkomaniyaya görə qeydiyyatda olanların sayı 34 min 602 olub. 2005-ci ildə isə bu rəqəm 17 min 720, 2015-ci ildə isə 28 min 555 olub. Ümumilikdə 2005-ci illə müqayisədə əhalinin hər 100 min nəfərinə düşən narkomanların sayı 210.1-dən 344.8-ə qalxıb. 2015-ci ildə isə əhalinin hər yüz min nəfərinə dşüən narkomanların sayı 297.9 olub. Göründüyü kimi son 17 illə müqayisədə narkomanların sayında kifayət qədər artım olub.
Bundan əlavə qeyd edək ki, ötən il ilk dəfə qeydə alınan diaqnozla 5603 narkoman qeydiyyata düşüb. 2005-ci ildə bu rəqəm 1 297, 2015-ci ildə isə 2 017 olub.