CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Enerji içkisi necə müəyyən edilir? Agentlikdən SOS təbili

Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, bulanıq görmə və s. mənfi halların yaranmasına səbəb olur
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndirir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Agentlikdən verilən məlumatda bildirilir ki, enerji içkilərindən normadan artıq istifadə toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə səbəb ola bilər: "Bundan başqa, həmin içkilərin digər mənfi cəhəti isə asılılıq yaratmasıdır. Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur".
Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib, 2020-ci il yanvar ayının 1-dən etibarən qüvvəyə minib. “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.
Bəs, hansı içkilər enerji içkiləri hesab olunur?
Agentlikdən verilən məlumatda bildirilir ki, tələblərə əsasən kofein, taurin, inozitol, amin turşular, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı ikisi içkinin tərkibində varsa, həmin içki enerji içkisi hesab olunur: "Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dən artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir. Miqdar 15 mq-dan aşağıdırsa və ikinci bir maddə yoxdursa, yəni tərkibində şirinləşdirici karbohidratlar olarsa, bu məhsullar enerji içkisi sayılmır. Ancaq kofein 15 mq-dan aşağı olsa belə, bu məhsullardan hansısa ikinci komponent varsa, o artıq stimullaşdırıcı effekt yaradır".
“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”na əsasən, bu içkilər sanitariya norma və qaydalarına uyğun istehsal olunmalı, onların tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin və pestisid qalıqlarının miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyən olunan həddi keçməməli, bu içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyənləşən normaya uyğun olmalıdır", - deyə AQTA-dan verilən məlumatda bildirilir.
Komponentlərin maksimum miqdar nə qədərdir?
Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib: "Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır".
Alkoqoldan istifadə qadağandır
“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq “Enerji içkisi”, “Tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”, “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.
AQTA tərəfindən aparılan monitorinqlər nə nəticə verir?
Qeyd edək ki, AQTA tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə ötən dövr ərzində bir sıra monitorinqlər keçirilib. Ölkədə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb.
Monitorinqlər çərçivəsində aşağıdakı içkilərin enerji içkisi olub-olmaması araşdırılıb:
“A+ Co” ASC tərəfindən istehsal edilən “Pit Bull” – enerji içkisi deyil;
АО МПБК “Очаково” tərəfindən istehsal edilən “Mohito Fresh” – enerji içkisi deyil;
“OOO Megapak” tərəfindən istehsal edilən “Fresco” (mojito çiyələk) – enerji içkisi deyil;
“Boom Group” Ltd tərəfindən istehsal edilən “Boom” (cherry) – enerji içkisi deyil;
“Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaguar” – enerji içkisi deyil;
“Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara”, “Jara” (moxito) və “Berg Glucose” – enerji içkisi deyil;
“Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon” – enerji içkisi deyil;
“Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell” - “Hell Classic Night” istisna olmaqla, enerji içkisi deyil;
“A+ Co” ASC tərəfindən istehsal edilən “Full orijinal yeni nəsil” (“Full Energy” istisnadır) enerji içkisi deyil;
“Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” – enerji içkisi deyil.
Adı qeyd olunan içkilər alkoqolsuz sərinləşdirici içkilərdir. Odur ki, enerji içkisi olmadığı müəyyənləşdirilən bu məhsulların qablaşdırmasının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan və onların sanki enerji içkisi olması təəssüratı yaradan şüarlardan, ifadələrdən və s. istifadə edildiyi üçün həmin məhsullara, eyni zamanda idxalçı və ya istehsalçı müəssisələrə münasibətdə qanunvericilik çərçivəsində tədbirlər görülür.