MƏDƏNİYYƏT

Elçin Hami Axundov: "Bütün dövrlərdə animasiya filmlərinə ögəy münasibət bəslənib" - VİDEO

Bu il animasiya filmlərinin inkişafı üçün 300 min manat büdcə ayrılıb. Mədəniyyət və İncəsənət Universitində də bu sahə üzrə ixtisas açılıb. Bütün bunlar yerli animasiya filmlərinin inkişafına təsir edə biləcəkmi?
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Bu gün Azərbaycanda dil açan körpələr öz dillərində deyil, əcnəbi dillərdə danışırlar. Bunun da səbəbi odur ki, illərdir ki, Azərbaycanda animasiya filmləri, cizgi filmləri demək olar ki, çəkilmir. Ölkəmizdə animasiya filmlərinə olan laqeyid münasibətin kökündə nə dayanır? Animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov ilə bu məsələni müzakirə etdik.
Animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov bildirir ki, animasiya spesifik bir janrdır. Onun ssenarisi də gərək fərqli olsun. Gərək ssenaristlərlə rejissorlar birlikdə işləsinlər. O zaman animasiya filmi yarana bilər: "Məsələn, mənim sevimli yazıçım Süleyman Sani Axundovdur. Mən onun bir hekayəsini çəkdim, istəyərdim ki, onun davamını da çəkim. Bizdə animator rəssam yoxdur. Animator deyəndə elə bilirlər rəssamdır. Amma o rəssam deyil, şəkil çəkən animator aktyordur".
Elçin Hami Axundov
Rejissor bildirir ki, əvvəllər bizdə bu sahə üzrə kurslar var idi. Orada animator aktyoru hazırlanırdı. Amma sonlar bu kurslar bağlandı: "Bu il Mədəniyyət və İncəsənət Universitetində animasiya rejissorluğu ixtisası açılıb. Aktyor olmayandan sonra rejissorların yetişdirilməsinə nə ehtiyac var? Firəngiz Qurbanova da animasiya rəssamı kursu açıb. Çox gözəl, amma əsas animator lazımdır. Sovet dönəmində də bu sahəyə diqqət az idi. Kinomuz böyük idi, amma animasiya sahəsi demək olar ki, yox səviyyəsində idi. 1995-ci ilə qədər müəyyən qədər çəkə bildik. Son illər isə tamamilə bu sahə tənəzzülə uğrayıb".
Elçin Hami Axundov
Əli İsa Cabbarov bildirib ki, bu il Animasiya filminin inkişafı üçün rekord məbləğdə büdcə ayrılıb: "Bu il Animasiya filmi üçün 300 min manat büdcə ayrılıb. Bu büdcə "Qarınqulu" tammetrajlı film üçün nəzərdə tutulub. Amma o layihədə bir nəfər də olsa peşəkar animasiya mütəxəssisi yoxdur. Biz Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq mütəxəssislər arasında sorğu keçirdik ki, bizə 10 dənə 10 dəqiqəlik film lazımdır, yoxsa 1 dənə 1 saatlıq film? Hamı birinci ilə, yəni 10 dənə 10 dəqiqəlik filmin çəkilməsinə səs verdi. 10 film çəkilərsə, onlarla insana iş olacaq, 10 adda film yaranacaq. Amma əksi oldu. Tammetrajlı "Qarınqulu" layihəsinə başlanıldı. Mən öncədən demişəm ki, "Qarınqulu" layihəsi çox uğursuz layihədir. Çünki, həmin layihədəki insanların animasiyadan xəbərləri yoxdur".