BAKI, 25 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun növbəti müdafiə xəttinin Cənubi Çin dənizindən keçə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə o, BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakının yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.
Diplomatiya idarəsinin rəhbəri xatırladıb ki, SSRİ dağıldıqdan sonra Şimali Atlantika alyansı daim şərqə doğru irəliləyib. Bununla yanaşı, o, hazırda NATO-nun "hər kəsə məlum olan xətdən yüz və min kilometrlərlə məsafədə müdafiə olunduğunu" diqqətə çatdırıb.
“Onlar sadəcə olaraq qərar verirlər: biz indi burada müdafiə olunacağıq və bəyan ediblər ki, NATO hazırda Hind-Sakit okeanı regionunun təhlükəsizliyinə cavabdehdir, yəni alyansın növbəti müdafiə xətti Cənubi Çin dənizi olacaq”, – deyə Lavrov jurnalistlərə bildirib.
Xatırladaq ki, internet saytlarında daha əvvəllər də dərc edilən məlumatlarda deyilir ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir. Bu, ilk növbədə, Rusiyanın təhlükəsizliyinə yaranan təhlükə ilə bağlıdır.
Həmçinin, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Şimali Atlantika alyansının Rusiya sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərin dərin narahatlıq doğurduğu fikrini bildirib. Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, manevrlər Kiyevin Moskvaya qarşı təcavüzünün təşviqi kimi görünür.