PAYTAXT XƏBƏRLƏRİ

Bakının Baş Planının olmaması yaşıllıqların sayına mənfi təsir edir

Mütəxəssis bildirir ki, hündür binalar tikilsə də, onun ətrafında yaşıllıqların salınması məsələsi heç kəsi düşündürmür
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Müasir dövrdə paytaxtın baş planının olmaması yaşıllıqların salınması ilə bağlı problemlərə səbəb olur. Tikilən yeni binaların həyətində bitkilər əkilmir. Hər binanın qarşısına uyğun bitkilər əkilməlidir, yaşıllıqlar salınmalıdır. Yəni bitkiləri binaların qarşısında, müxtəlif ərazilərdə necə gəldi əkmək olmaz.
Biologiya elmləri doktoru, Nəbatat bağının laboratoriya müdiri Yusif Zeynalov Sputnik Azərbaycan-a açqılamasında belə deyib.
Baş Planın əsas əhəmiyyəti nədir?
Həmsöhbətimiz deyir ki, Baş Plan olarsa, binaların ətrafı, önü planlı şəkildə yaşıllaşdırılar: "Lakin təəssüflər olsun ki, yaşıllıq işləri planlı şəkildə aparılmır. Yəni, bitkiləri elə əkmək lazımdır ki, onlar böyüdükdə digərlərinə ziyan vurmasınlar. Bəzən baxırsan ki, bitkilər necə gəldi əkilir. Məsələn, bəzi ərazilərdə ağaclar çox sıx əkilir. Hər ağacın özünə görə məsafəsi olmalıdır. Bir ağac əkilərkən onun növbəti 15-20 illik həyatı da nəzərə alınmalıdır".
"Meşələrin salınması üçün dövlətin kifayət qədər pulu xərclənir. Lakin sonradan görürsən ki, o bitkilərə su verilmir, lazımınca qulluq edilmir və həmin bitkilər məhv olur. 50 hektarlıq ərazidə meşə salınsa da, sonradan baxırsan ki, heç o boyda ərazidə 3-5 ədəd də bitki qalmır", - deyə o əlavə edib.
Y.Zeynalov bildirir ki, ümumiyyətlə Baş Planda təkcə binaların ətrafı deyil, hər yer, eləcə də yol kənarları da planlı şəkildə yaşıllaşdırılmalıdır. O bildirir ki, hətta paytaxtın Baş Planı geciksə də, hazırda da yaşıllaşdırmanın təşkili üçün Bakıda yetərli qədər ərazi və bu işin icrası üçün imkan var. Bunu rahatlıqla etmək olar: "Yəni nəyi harada əkmək olar, ilk olaraq bu öyrənilməlidir. Təbii ki, bunun üçün bir qrup təşkil olunmalıdır, əkilən bitkilər binanın memarlıq görüntüsünü pozmamalıdır. Yəni, bitkilər də memarlığa uyğun seçilməlidir, burada binanın hündürlüyü, alçaqlığı və s detallar nəzərə alınmalıdır".
Hündür binalar tikilsə də, ətraf yaşıllaşdırılmır
"Hazırkı mənzərəyə nəzər salsaq görərik ki, hündür binalar tikilsə də, onun ətrafında yaşıllıqların salınması məsələsi heç kəsi düşündürmür. Binanın ətrafında bitki əkilməyibsə, həmin ərazi xəstəlik mənbəyinə çevrilə bilər. Binaların yaşıllaşdırılması üçün onlar arasında ara məsafələr gözələnilməlidir, göydələnlər bir-birlərinə söykənmiş vəziyyətdə tikilməməlidir. Çünki ara məsafə az olduqda bəzən bitki əkmək olmur. Yaxud da həmin ərazidə bitki əksilsə də, o bitkinin heç bir faydası olmur", deyə o əlavə edib.
Həmsöhbətimiz bildirib ki, Bakının yaşıllaşdırılması üçün yaşıl binaları - yəni üzəri bitki örtüyü ilə zəngin olan tikililəri də ucaltmaq olar.
Baş Plan və Bakının yaşıllaşdırılması lazımınca həyata keçirilməzsə nə baş verə bilər?
Həmsöhbətimiz deyir ki, yaşıllaşma olmazsa, Abşeronun vəziyyəti getdikcə daha da pisləşər: "Bunun da əsas səbəbi Bakıda avtomobillərin sayının artması və havaya külli miqdarda zəhərli qazların buraxılması ilə əlaqədardır. Bundan başqa, son zamanlar fabriklərin də sayı artıb. Bir vaxtlar zavod və fabriklərin ətrafında yaşıllıq zolaqları salınırdı. O zamanlar bu işlər məcburi xarakter almışdı".
Mütəxəssis bildirir ki, yaşıllaşdırılmanın həyata keçirilməsi üçün Bakıda bitkilərin əkilməsi planlı şəkildə icra olunmalıdır. Onun sözlərinə görə, bu zaman Bakının şəraitinə və quraqlığa davamlı bitkilərə daha çox diqqət ayırmaq lazımdır.
Memar Elçin Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtın Baş Planının olmamasının zərərlərindən danışıb, bildirib ki, bu amil xüsusən də yaşıllıqlara böyük zərbə vurur: "Bakının bəzi əraziləri ilə bağlı məndə arxiv var və əvvəlki illərə baxanda müyyən fərqləri görmək mümkündür. Məsələn, indiki Xaqani bağının ötən əsrin ortalarına, sonlarına doğru çəkilən fotolarına baxanda görürəm ki, həmin dövrdə adıçəkilən bağda daha çox yaşıllıqlar olub. 50-60-cı illərdə həmin ərazidə kifayət qədər ağaclar, yaşıllıqlar olub, lakin indi həmin ərazidə restoran fəaliyyət göstərir. Faktiki olaraq həmin restoran bağın 1/3 hissəsini zəbt edib və həmin ərazidə bir ədəd də olsa ağac qalmayıb".
Öncələr hər şey Baş Plana əsasən icra olunurdu
Mütəxəssis bildirir ki, o zamanlar hər şey Baş Plana əsasən icra edilsə də, indi vəziyyət dəyişib: " O zamanlar hətta balaca köşklər də plana əsasən tikilirdi. İndi kim nə etmək istəyirsə, faktiki olaraq gedib icra hakimiyyətindən icazə alır və gəlib restoran tikir. Yəni baş plan olmadıqda kim nə istəyirsə, onu da edir. Nəticədə icra hakimiyyətinin ümumi problemlərdən xəbəri olmadığından yaşıllıqların ərazisi azalır".
E.Əliyev köhnə binaların yerində ucaldılan tikililərin ətrafında yaşıllıqların azlığından şikayətlənir: "Lev Tolstoy, Həzi Aslanov kimi dar küçələrdə qədim tikintini söküb yerində göydələnlər ucaldırlar, lakin küçənin ensiziyi olduğu kimi qalır. Yəni 100 il öncə salınan küçənin eni öncəki kimi qalır. Təbii ki, bu binalar baş plana uyğun tikilsəydi səkilər olardı, böyük yaşıllıqlar salınardı".
Qeyd edək ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, yaşıllıqların mühafizəsi və bərpası üçün qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı müraciət ediblər. O bildirib ki, Bakıda və Abşeron yarımadasında yaşıllıqların salınması və mühafizəsi ilə bağlı yeni qanuna və ya qanunvericiliyə dəyişikliklərin edilməsini təklif kimi irəli sürüblər.