RUSİYA

Rusiya Müdafiə Naziliyində yenilik: Şoyqunun müavinlərindən biri dəyişdirildi

Dmitri Bulqakov başqa işə keçməsi ilə əlaqədar müdafiə nazirinin müavini vəzifəsindən azad edilib. Onu bu postda general-polkovnik Mixail Mizintsev əvəz edəcək.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. General-polkovnik Mixail Mizintsev Rusiya müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini təyin edilib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Hərbi İdarəsi şənbə günü məlumat yayıb ki, Dmitri Bulqakov başqa işə keçməsi ilə əlaqədar müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.
"General-polkovnik Mixail Mizintsev Rusiya Federasiyası Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdeh olan Rusiya Müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
General-polkovnik Mixail Mizintsev əvvəllər Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi vəzifəsində çalışıb.
"Ordu generalı Dmitri Bulqakov başqa işə keçməsi ilə əlaqədar Rusiya Federasiyası müdafiə nazirinin müavini vəzifəsindən azad edilib", - Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin saytının qeydinə görə, müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Silahlı Qüvvələrin maddi-texniki təchizatı sisteminə, qoşunların silah, döyüş texnikası və materialları ilə təminatının təşkilinə, onların saxlanması, istismarının təşkili üzrə fəaliyyətə, habelə modernləşdirmə, təmir və utilizasiya, hərbi nəqliyyat işlərinə rəhbərlik edir.