AZƏRBAYCAN XƏBƏRLƏRİ

Mətbuat Şurasının yeni sədri Rəşad Məcid oldu

2003-cü ildən Azərbaycan Mətbuat Şurasının sədri olan Əflatun Amaşov istefaya gedib. O, ötən gün "Xalq qəzeti"nin baş redaktoru təyin edilib.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri seçilib.
Mətbuat Şurasının bu gün keçirilən VIII qurultayında onun namizədliyi irəli sürülüb.
Səsvermə nəticələrinə əsasən, R.Məcid MŞ sədri postunu tutacaq.
İndiyədək bu vəzifəni Əflatun Amaşov tuturdu. Ə.Amaşov 2003-cü ildən MŞ sədri idi. O, ötən gün "Xalq qəzeti"nin baş redaktoru təyin edilib.
***
Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.
Toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.
Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.
Gender bərabərliyi və ayrseçkiliyə yol verilməməsi prinsipinin müddəaları ümumilikdə 5-ə qaldırılıb.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.
Dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.
Habelə, dəyişikliklə kodeksə yeni 4-cü prinsip (Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi) əlavə edilib.
***
Sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.
Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.
Səsverməyə uyğun olaraq, qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək. Daha sonra 3 nəfərdən ibarət Mandat komissiyası da formalaşdırılıb.
Ardından 9 nəfərlik Say komissiyası yaradılıb və qurultay öz işinə başlayıb.
CƏMİYYƏT
Mətbuat Şurasının Nizamnaməsi və Jurnalistlərin peşə davranışı qaydaları dəyişdirildi